İraqda iğtişaşlar nəticəsində həlak olanların sayı artmaqda davam edir

  • By admin
  • 05 Oktyabr 2019 20:37

İraqda oktyabrın 1-dən başlayan etiraz aksiyaları və iğtişaşlar nəticəsində həlak olanların sayı 100 nəfərədək artıb, 3 mindən çox insan xəsarət alıb.

Gununsesi.org xəbər verir ki, bu məlumatı Al Arabiya telekanalı hüquq müdafiə təşkilatlarına istinadla yayıb.

Xatırladaq ki, bir neçə gündür İraqda həyat şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil sahələrində, əmək bazarında, həmçinin korrupsiya ilə mübarizədə problemlərin həlli tələbi ilə etiraz aksiyaları keçirilir. Etirazçılar ölkə hökuməti başçısının istefasını tələb edirlər. Paytaxtda və bəzi əyalətlərdə keçirilən dinc etiraz aksiyaları sonradan iğtişaşlara çevrilib. Bağdadda və ölkənin bir sıra rayonlarında komendant saatı rejimi tətbiq edilib.

İraqda fəaliyyət göstərən heç bir partiya və siyasi lider etirazlar aksiyalarının arxasında dayandığı barədə bəyanat verməyib. BMT-nin insan hüquqları üzrə Ali komissarı dinc nümayişçilərin həlak olması ilə bağlı açıq təhqiqata başlamağı tələb edib.

 

 

 

Gununsesi.org