İraqda ilk dəfə: Yerli hakimiyyət orqanlarına seçkilər keçirilir

  • By admin
  • 18 Dekabr 2023 11:36

İraqda yerli hakimiyyət orqanlarına – əyalət şuralarına seçkilər üçün səsvermə başlayıb.

Gununsesi.info xəbər verir ki, İraqın cənubundakı şəhərlərdə, o cümlədən paytaxt Bağdadda, şərqdə Diyala və şimalda Səlahəddində, həmçinin Kərkük və Mosulda seçki məntəqələri açılıb.

İki gün əvvəl ölkədə təhlükəsizlik qüvvələri və məcburi köçkünlər səs verib.

Bu seçkilər İraq Kürd Regional Administrasiyasının şəhərlərini əhatə etmir.

Ölkədə 16 milyona yaxın vətəndaşın səsvermə hüququ var.

Seçkilərdə müxtəlif siyasi partiyalar və alyanslar iştirak edir. Ümumilikdə 5904 namizəd qeydə alınıb.

İraqda əyalət şuraları hər bir əyalətdə qanunvericilik və nəzarət səlahiyyətlərinə və konstitusiya ilə ziddiyyət təşkil etməyən yerli qanunvericilik qəbul etmək hüququna malikdir.

Səsvermə yerli vaxtla saat 18:00-da başa çatır.

Şiə dini və siyasi lideri Müqtəda əs-Sədr bu seçkiləri boykot edir.

Əyalət şuralarına seçkilər hər 4 ildən bir keçirilməlidir. Lakin 2013-cü ildən sonra İŞİD terror təşkilatının hücumları, təhlükəsizlik və siyasi qeyri-sabitlik seçkilərin keçirilməsinə mane oldu. Əyalət şuraları 2019-cu ildə etirazlardan sonra buraxıldı. Kərkükdə sonuncu yerli hakimiyyət seçkiləri 2005-ci ildə keçirilib.

İraqda yerli seçkilər sonuncu dəfə 2013-cü ildə keçirilib.

Ölkədə səsvermə prosesi başa çatana qədər yüksək səviyyədə təhlükəsizlik elan edilib.

Gununsesi.info