İraqda mübahisəli qanun dəyişikliyi qəbul edildi: - Uşaq nikahları yenidən gündəmdədir

İraq Parlamenti bütün ölkədə böyük müzakirələrə səbəb olan “Şəxsi Vəziyyət Qanunu”na düzəlişləri təsdiqləyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, sözügedən dəyişiklikləri tənqid edənlər qanun dəyişikliyinin əslində uşaq nikahlarına yaşıl işıq yandıracağına diqqət çəkdilər.

Parlamentin qəbul etdiyi yeni tənzimləmə İslam məhkəmələrinə evlilik, boşanma və miras kimi ailə məsələlərində daha geniş səlahiyyət verir.

Bildirilib ki, bu dəyişiklik qüvvədə olan 1959-cu il tarixli qanunu zəiflədib, qadınlara verilən hüquqi təminatları və ailə hüququndakı birliyi təhlükə altına salıb.

“The Guardian” qəzetində yer alan xəbərə görə, İraqda “Şəxsi Vəziyyət Qanunu”na ediləcək dəyişikliklər parlamentdə təsdiqlənib. Mövcud qanunlar ümumiyyətlə nikah yaşını 18 yaş olaraq təyin edir. Bununla belə, yanvarın 21-də keçirilən səsvermə dini liderlərin İslam qanunlarına əsaslanan şərhlər edərək, nikah yaşı ilə bağlı daha çevik qərarlar qəbul etmələrinə yol açdı.

İraq Qadınlar Birliyindən insan haqları müdafiəçisi İntisar əl-Mayali xəbərdarlıq edib ki, dəyişikliklər uşaq nikahlarını təşviq edə və qadınlar və qızlar üzərində dağıdıcı təsirlər göstərə bilər.

Əl-Mayali bu tənzimləmənin qadınların boşanma, qəyyumluq və miras kimi əsas hüquqların təmin edilməsini çətinləşdirəcəyinə də diqqət çəkib.Qanuna dəyişiklik parlamentin xaos şəraitində keçən iclasında səsə qoyulub. Səsvermə zamanı deputatların yarısının səs vermədiyi, bəzi deputatların yüksək səslə reaksiya verdiyi, bəzi deputatların parlament tribunasına qalxdığı bildirilib.

 

Orxan Saffari

Gununsesi.info