İraqda PKK qərarı – Tərəflər bunları müzakirə etdilər

  • By admin
  • 15 Mart 2024 09:06

Martın 14-də Türkiyə ilə İraq arasında Təhlükəsizlik Mexanizminin iclasından sonra tərəflərin birgə bəyanat yayımlanıb.

Gununsesi.info xəbər verir ki, İraqın paytaxtı Bağdadda Türkiyənin  xarici işlər naziri Hakan Fidan və İraqın baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn arasında görüş keçirilib. Türkiyə və İraqın milli müdafiə nazirləri, iki ölkənin kəşfiyyat təşkilatlarının rəhbərləri, İraqın “Həşd əş-Şaabi” komissiyasının sədri və İraq Kürd Regional Muxtariyyətinin (KRAI) daxili işlər naziri görüşdə iştirak ediblər.

19 dekabr 2023-cü ildə Ankarada keçirilən danışıqların davamı olan görüşdə tərəflər ikitərəfli maraqlar baxımından regional çağırışlar qarşısında tutacaqları ortaq mövqeni müzakirə ediblər.

Görüş iştirakçıları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ramazan ayından sonra İraqa gözlənilən səfərinə hazırlıq məsələlərini də müzakirə ediblər. Onlar bu tarixi səfərin uğurla başa çatması üçün hər cür səy göstəriləcəyini təsdiqləyib və bunun ikitərəfli münasibətlərdə dönüşə səbəb olacağına ümidvar olduqlarını bildiriblər.

Danışıqlar zamanı iki ölkə arasında münasibətlərin müxtəlif sahələrində struktur əsaslarının yaradılması və beləliklə, müntəzəm təmas mexanizmlərinin yaradılması məqsədi ilə Anlaşma Memorandumu üzərində işin intensivləşdirilməsi qərara alınıb.

Türkiyə və İraq iki ölkənin səlahiyyətli orqanlarının koordinasiyalı, nizamlı və nəticəyönümlü şəkildə işləyəcəyi barədə razılığa gəliblər. Tərəflər əlaqələr üçün strateji çərçivə yaratmaq anlayışı ilə hazırladıqları bu bəyanatı rəhbər tutacaqlar.

Bu çərçivədə terrorla mübarizə, ticarət, kənd təsərrüfatı, enerji, su təchizatı, səhiyyə və nəqliyyat sahələrində fəaliyyət göstərmək üçün birgə daimi komissiyaların yaradılması qərara alınıb.

Danışıqlarda hər iki tərəfin İraqın siyasi birliyi, suverenliyi və ərazi bütövlüyünə verdiyi önəm vurğulanıb.

Görüş iştirakçıları həmçinin PKK-nın Türkiyə və İraqın təhlükəsizliyinə təhdid yaratdığını vurğulayaraq, PKK-nın İraq ərazisində mövcudluğunun İraq konstitusiyasının pozulması olduğunu qeyd ediblər. Türkiyə İraq Milli Təhlükəsizlik Şurasının PKK-nın ölkədə qadağan olunmuş təşkilat olması ilə bağlı qərarını alqışlayıb. Tərəflər Türkiyəyə hücum etmək üçün İraq ərazisindən istifadə edən bu təşkilat və onun qollarına qarşı görülməli olan tədbirləri müzakirə ediblər.

Tərəflər həmçinin regional məsələlər, xüsusilə də Qəzzada törədilən soyqırım qətliamı ətrafında fikir mübadiləsi aparıblar və Fələstin məsələsini dəstəkləmək üçün qəti iradələrini bir daha təsdiqləyiblər.

Birgə bəyanatda Türkiyə və İraqın təmin edilən təmas mexanizmləri çərçivəsində müntəzəm və davamlı dialoqun davam etdirilməsi barədə razılığa gəldiyi qeyd edilib.

 

Gununsesi.info