İraqın Mosul şəhərində şadlıq sarayında baş verən yanğında 100 nəfərin həyatını itirdiyi, yaralananların sayının 500-ə yüksəldiyi bildirilib.
Gununsesi.info xəbər verir ki, Mosul Səhiyyə İdarəsinin müdir müavini Əhməd Həmdani yerli mətbuata verdiyi açıqlamada Mosulun Həmdaniyyə rayonundakı şadlıq sarayında baş verən yanğında 100 nəfərin öldüyünü, 500 nəfərin isə xəsarət aldığını bildirib.
Atəşfəşanlığın səbəb olduğu bildirilən yanğın zamanı şadlıq sarayında 800 nəfərin olduğu məlum olub.
İraqın İNA xəbər agentliyi daha əvvəl Mosul Səhiyyə İdarəsindəki mənbəyə əsaslanaraq bildirib ki, ilkin məlumatlara görə, yanğında 100 nəfər ölüb, 150 nəfər yaralanıb.
Ətraf əyalətlərdən yanğın bölgəsinə çoxlu sayda yanğınsöndürmə briqadası və təcili yardım maşınları göndərilərkən, daxili işlər naziri Əbdüləmir Şammarinin də bölgəyə gedəcəyi açıqlanıb.
Bəylə gəlinin rəqs edərkən baş verən yanğının görüntüləri sosial mediada da əksini tapıb. Görüntülərdə insanların təşviş içində sağa-sola qaçdığı əks olunub.
Səid Əhmədli
Gununsesi.info