
Bu gün səhər Bağdaddan cənubda terrorçu-kamikadzelərin hücumu nəticəsində azı 8 nəfər həlak olub, 6 nəfər yaralanıb.
Gununsesi.info Frans Press agentliyinə istinadən xəbər verir ki, insident Ayn at-Tamp yaşayış məntəqəsində baş verib. Yerli məmurların məlumatına görə, hücumda 6 terrorçu-kamikadze iştirak edib. Təhlükəsizlik qüvvələri ilə atışmada onların bir neçəsi partlayış törətməyə macal tapmadan zərərsizləşdirilib. Bundan sonra sağ qalan terrorçular Bağdadın cənubundakı Əl-Cihad məhəlləsinə çəkilib və üzərlərindəki partlayıcı qurğunu işə salıblar.
İraq daxili işlər Nazirliyinin bəyanatında isə deyilir ki, beş terrorçu öldürülüb, altıncısı isə evlərdən birində özünü partladıb. İraqın cənubunda bu cür hücumların çox az-az baş verdiyi bildirilir.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.
Gununsesi.info