İraqdan ABŞ-a tələb:  Təzminat ödə!

  • By admin
  • 26 May 2017 20:32

iraq

 

Pentaqonun mart ayında İŞİD qruplaşmasının mövqelərinə endirilən hava zərbələri nəticəsində 100-dən çox dinc sakinin həlak olması faktını qəbul etdikdən sonra İraq hökuməti ABŞ-ı zərər çəkən Mosul əhalisinə təzminat ödəməyə çağırıb.

Axar.az xəbər verir ki, mayın 25-də Pentaqon beynəlxalq koalisiyanın martın 17-də qərbi Mosulu bombardman etməsi nəticəsində ən azı 101 dinc sakinin qətlə yetirilməsi faktını təsdiq etməsi barədə bəyanat yayıb.

Qeyd edək ki, 2014-2015-ci illərdə İŞİD qruplaşması Ənbar əyalətinin böyük hissəsini ələ keçirməyə müvəffəq olub. Lakin son zamanlar İraq ordusu bir çox rayonu nəzarətə götürə bilib. Hazırda əyalətin Suriya ilə sərhəddə yerləşən bəzi əraziləri qruplaşmanın əlindədir.

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə İraqın eyni vaxtda bir neçə güc strukturu, həmçinin Mosul şəhərinin azad edilməsi üçün hücum əməliyyatları aparır. Şəhərin şimalında kürdlərin silahlı birləşmələri yerləşdirilib. Eyni zamanda, bu istiqamətdən İŞİD qruplaşmasının İraqdakı “paytaxtına” doğru federal polis qüvvələri irəliləyir. Bölgədə fəaliyyət göstərən “Əl-Həşd əş-Şəəbi” şiə qruplaşmasının yaraqlıları isə şəhərin cənub-qərb istiqamətində hücumlara dəstək verir.

Xatırladaq ki, Mosul şəhəri uğrunda irimiqyaslı əməliyyatlar oktyabrın 17-də başlayıb. İraqın ən böyük ikinci şəhəri və 1,3 milyon əhalisi olan Mosul iki ildən artıqdır ki, İŞİD qruplaşmasının nəzarətindədir.

 

Gununsesi.info