İşəgötürən zaman kadrlara olan tələbat nəzərə alınmalıdır - Dövlət Agentliyi

Peşə təhsili müəssisələrinə cəlb olunan mütəxəssislərin stimullaşdırılması baxımından onlara verilən məvacib ən azından peşə təhsili müəssisəsində olan ustanın əməkhaqqı səviyyəsinə uyğunlaşdırılmalıdır.

Gununsesi.org-un məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili peşə təhsili müəssisələrinə qəbul qaydaları barədə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Strateji Yol Xəritəsinə əsasən işəgötürənlərin peşə təhsilinə inteqrasiyasını təmin etmək üçün onların tələbatı nəzər alınmaqla kadr hazırlığı aparılmalıdır:

“Bu, diplomlu işsizlərin cəmiyyət üçün istehsalı deməkdir. Buna görə də istənilən sahədə işəgötürənlərin kadrlara olan tələbatı nəzərə alınmalıdır. İşəgötürənləri peşə təhsilinə inteqrasiyaya stimullaşdırmaq üçün həm “Peşə təhsili haqqında” qanunda xüsusi müddəlar nəzərdə tutulub, həm də bu, Strateji Yol Xəritəsində öz əksini tapıb. Qaydalar hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib. Müvafiq qurumların rəy və təklifləri Təhsil Nazirliyinə daxil olduqdan sonra layihəyə yenidən baxılacaq. Hazırda bu təkliflər nəzərə alınmaqla layihə üzrə iş davam etdirilir. Yaxın vaxtlarda layihə yenidən aidiyyəti qurumlara təqdim ediləcək”.

A.Əlili əlavə edib ki, qaydalar layihəsində “Peşə təhsili haqqında” qanunda nəzərdə tutulan məsələlərlə bağlı təkliflər də irəli sürülüb.

Gununsesi.org