İş adamını “işə salan” məhkəmələr  - Ali Məhkəmə Prezidentin fərmanını əsas götürəcəkmi?

İş adamı İslam Kərimov Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 mart 2019-cu il tarixli qərarı ilə Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 28.07.2020-ci il tarixli qərarı ilə İ.Kərimov barəsində təyin olunmuş cəzanı 1 il artıraraq 7 ilə çatdırıb. Məhkəmə zərərçəkənin mülki iddiasını təmin edərək onun qarşı tərəfə 2.5 milyon dollar ödəməsinə dair qərar çıxarıb. Bu qərardan kassasiya şikayəti verilib. Koronavirus pandemiyası səbəbindən məhkəmə prosesi uzun müddət təxirə salınıb və nəhayət, aprel ayının 9-na təyin olunub. Həmin tarixdə Ali Məhkəmənin Cinayət Kollegiyası İslam Kərimovun şikayətinə baxmalıdır.

HTML tutorial

Azərbaycanda məhkəmə hakimiyyəti vətəndaşların ən çox şikayət etdiyi sahələrdən biridir. Bütün instansiyalarda eyni problemlər hökm sürür. Bu da vətəndaşların fundamental hüquqlarının kobud şəkildə pozulmasına, hətta ailə faciələrinə gətirib çıxarır. Bütün bu mənfi hallar Azərbaycanın Avropa Məhkəməsinə ən çox şikayət ünvanlanan ilk 5 ölkədən biri olması ilə nəticələnib. Hər il yüzlərlə qərar çıxarılır, dövlət cərimələnir, zərərçəkənlərə kompensasiya ödənilir, amma vətəndaşa, qanunlara və dövlətə ağır zərbə vuran hakimlərin bəziləri cəzasız qalır. 

Doğrudur, Prezident İlham Əliyev hər il belə hakimləri məhkəmə sistemindən uzaqlaşdırır. Amma təəssüf ki, bu cəzalar onların şəxsi maraqlarını üstün tutaraq ədalətsiz hökmlər verən həmkarlarına dərs olmur. Prezident İlham Əliyev 3 aprel 2019-cu ildə Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı fərman imzalayıb. Həmin fərmanın 1-ci bəndində yazılıb:“Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər”.

Bəs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası bu fərmandan 2 ay 25 gün sonra İslam Kərimov barəsində qərar verərkən, Prezidentin tövsiyəsini nəzərə alıbmı? Ümumiyyətlə, bu cinayət işinin ibtidai və məhkəmə istintaqı necə aparılıb?

Əvvəlcə cinayət işinin mahiyyəti barədə: İslam Kərimov məhkəməyə verdiyi ifadəsində göstərib ki, zərərçəkmiş kimi tanınmış Xəqani Qədirov onu Əfqanistanda kiçik həcmli neftayırma zavodu tikməyə həvəsləndirib və qısa müddət ərzində milyonlar qazanacağına söz verib. O, bu təkliflə razılaşaraq, ona hər ay 3-4 min dollar əmək haqqı təklif edib. Xəqani Qədirov da əməkhaqqından razı qalıb, eyni zamanda təklif edib ki, zavodun tikintisi üçün Azərbaycandan işçi qüvvəsi aparılsın. Bunun üçünsə o, formal da olsa, zavodun səhmdarlarından biri olmalıdır.

Qeyd edək ki, sözügedən razılaşma nəticəsində Əfqanıstanda yaradılan “Amo Hiratan Oil Refinery” neft emalı və istehsalı şirkətinin 50 faizi İslam Kərimova, qalan hissəsi isə Əfqanıstan vətəndaşlarına məxsus olub.

İslam Kərimov Xəqani Qədirovun dediyinə bir şərtlə razı olub: Zavod fəaliyyətə başladıqdan 1 il sonra qoyulan sərmayə çıxarsa, o özünə məxsus səmlərin 25 faizinin Xəqani Qədirovda qalmasına etiraz etməyəcək. Yəni İ.Kərimov öz payının göstərilən hissəsini müəyyən şərtlər daxilində ona hədiyyə kimi verəcək.

İş adamı ümumilikdə bu layihəyə 4 milyon dollar yatırıb. O, bu vəsaitin bir hissəsini qohumlarından, banklardan borc, kredit kimi götürüb, habelə əmlakını sataraq toplayıb. Xəqani Qədirov isə heç bir sərmayə qoymayıb, əksinə, aylıq maaşını və digər xərclərini İ.Kərimovdan vaxtlı-vaxtında alıb. Bunu ibtidai istintaqa ifadəsində etiraf edib, məhkəmədə də təkrarlayıb.

Zavod qurulsa da, Əfqanıstanda işlər Xəqani Qədirovun vəd etdiyi kimi getməyib. Müəssisədə quraşdırılan avadanlıqlar həddindən artıq köhnə olduğuna görə emal olunan neftdən aşağı keyfiyyətli dizel və mazut yanacağı alınıb və onu yerli bazarda satmaq mümkün olmayıb. X.Qədirov həm zavod üçün xammal alınması adı altında, həm də başqa problemləri həll etmək üçün Əfqanıstan vətəndaşlarından təxminən 1.7 milyon dollar faizlə borc götürüb. Amma müəssisəni rentabelli hala gətirmək mümkün olmayıb. Borc sahibləri pullarını tələb edib. İslam Kərimov X.Qədirova səhmləri sataraq borcu qaytarmağı təklif edib. Əks halda, borcun şişərək ödənilməsinin mümkün olmayacağını bildirib.

Başqa sözlə, iş adamı vəziyyətdən çıxmaq üçün zavoddakı bütün payını – X.Qədirova hədiyyə etdiyi 25 faiz səhmlər də daxil, satmaq istəyib. Amma Qədirov bundan imtina edib. Hadisədən xəbər tutan, Əfqanıstanda zavodun tikintisində iştirak edən, İslam Kərimovun bacısı oğlu Orxan Quliyev dayısının xəbəri olmadan Xəqaninin adına saxta etibarnamə alıb dayısına verib. Beləliklə, İslam Kərimov X.Qədirova verdiyi 25 faiz səhmi geri alıb və zavoddakı bütün payını sataraq borclarını ödəyib.

Xəqani Qədirov isə İslam Kərimov, Orxan Quliyev və iş adamının zavodu satdığı biznesmen Tofiq Hüseynov barəsində Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə şikayət edib. O, ərizəsində adıçəkilən şəxslərin cəzalandırılmasını, 3 milyon dollar vəsaitin alınaraq ona verilməsini, habelə maddi zərərin ödənilməsinin İslam Kərimova məxsus, İraqın Süleymaniyyə şəhərində yerləşən “KİMT Company for General Trading Ltd” şirkətindəki 55 faiz payına yönəldilməsini tələb edib…

İbtidai istintaqı aparan orqan, birinci məhkəmə instansiyası, Apellyasiya Məhkəməsi bu qənaətə gəliblər ki, İslam Kərimov etibarından sui-istifadə etməklə “Amo Hiratan Oil Refinery” neft emalı və istehsalı şirkətinin nizamnamə kapitalından Xəqani Qədirova məxsus 2.5 milyon dollardəyərində səhmləri ələ keçirib, ona külli miqdarda ziyan vuraraq dələduzluq cinayəti törədib. Bu işdə Cinayət Məcəlləsinin (CM) 178-ci maddəsinin, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda zərər vurma cinayət əməli var.

Amma İslam Kərimov və onun müdafiəçiləri hakimlərin tamamilə qanunsuz, ədalətsiz hökm verdiklərini bildirib. Onların arqumentləri aşağıdakılardan ibarətdir:

Əvvəla, cinayət işinin materiallarından aydın olur ki, ehtimal olunan cinayət əməli Əfqanıstan Respublikasının ərazisində törədilib. Cinayət Məcəlləsini 12.1-ci maddəsinə görə, ölkə vətəndaşları respublikanın hüdudlarından kənarda törətdikləri əmələ görə, bu əməl həm respublika, həm də ərazisində törədildiyi ölkənin qanunvericiliyi ilə cinayət əməli hesab olunursa, cinayət törətmiş sayılır. İndiki halda bununla bağlı Əfqanıstan hüquq-mühafizə orqanlarına hər hansı sorğu verilərək, səlahiyyətli orqanlardan rəsmi sənəd alınmayıb;

İkincisi, İslam Kərimoz öz payının 25 faizini müəyyən şərtlər daxilində X.Qədirova hədiyyə kimi verib. Amma şərtlər pozulub və İ.Kərimov hədiyyəni geri alıb. Bu zaman ona heç bir zərər vurmayıb.

X.Qədirov ibtidai istintaqa və birinci instansiya məhkəməsinə verdiyi ifadələrdə göstərib ki, o “Amo Hiratan Oil Refinery” zavodunun tikintisinə bir manat da olsun şəxsi vəsaitini xərcləməyib. Tikintiyə sərf edilən bütün pullar İslam Kərimov tərəfindən yatırılıb. Buna baxmayaraq, birinci instansiya məhkəməsi və apellyasiya instansiyası tamamilə absurd olaraq hesab ediblər ki, guya İslam Kərimov Xəqani Qədirova 2.5 milyon dollar ziyan vurub.

Mülki Məcəllənin 673.4-cü maddəsinə görə, bağışlamaqdan imtina edildikdə hədiyyə alan onu qaytarmağa borcludur. Bu zaman hədiyyə verənin onun geri alması hədiyyə alana vurulmuş zərər kimi qiymətləndirilə bilməz.

Eyni zamanda, bağışlanan hədiyyənin onu verən tərəfdən geri alınması hər hansı cinayət tərkibi yaratmır. Belə mübahisələr mülkü xarakter daşıyır. Bundan başqa Cinayət Prosessual Məcəlləsinin 7.0.36-cı maddəsinə görə, zərər, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyandır.

Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tövsifedici əlaməti “zərər çəkmiş şəxsə külli miqdarda zərər vurmaqla törədilməsidir”. İslam Kərimovun əməli nəticəsində Xəqani Qədirova hər hansı ziyan dəymədiyi halda onun əməli absurd olaraq sözügedən 178.3.2-ci maddəsi ilə tövsüf edilib.

Eyni zamanda, İ.Kərimova verilmiş ittihamdan görünür ki, guya o dələduzluqla bağlı istinad edilən cinayət əməlini zərərçəkmiş şəxsin etibarından sui-istifadə etməklə törədib. Halbuki, istər ibtidai istintaqda, istərsə də birinci instansiya məhkəməsində, apellyasiya instansiyasında İslam Kərimovun zərərçəkmiş şəxsin etibarından sui-istifadə etməsi və ya aldatması halı sübuta yetirilməyib.

Belə ki, ibtidai istintaqda, məhkəmələrə təqdim olunmuş mötəbər sübutlarla tam təsdiq olunub ki, X.Qədirova məxsus 25 faiz səhm onun xəbəri olmadan, saxta etibarnamə əsasında satılıb. X.Qədirov zavoddakı səhm paylarının satılması barədə məlumatı Rusiyada nəşr olunan jurnalların birindən oxuyub.

Dələduzluq cinayətlərinin əsas tövsifedici əlamətlərindən biri odur ki, zərərçəkən şəxs əmlakını təqisrləndirilən şəxsə könüllü verməlidir. Bu halda isə Xəqani Qədirovun sözügedən alqı-satqıdan xəbəri olmayıb. Eyni zamanda Xəqani Qədirov adından Orxan Quliyevə saxta etibarnamə verən notarius cinayət məsuliyyətinə cəlb edilməyib. Halbuki məhkəmədə tam sübuta yetirilib ki, etibarnamədə nə İslam Kərimovun, nə də Orxan Quliyevin imzası olub. Bu etibarnamə notarius tərəfindən veriləndən sonra mətnində hər hansı dəyişikliyə də yol verilməyib. Etibarnaməni saxtalaşdıran, möhürləyən notariusdur. Bununla açıq-aşkar cinayət törədən notarius, cinayət məsuliyyətinə cəlb edilməyib. Amma bu saxta sənəddən istifadə edən şəxslər cəlb edilib. Bu ikili, fəqrli münasibətlər sual doğurur.

İşdə mötəbər sübutların olmasına baxmayaraq, ibtidai istintaq orqanı, birinci instansiya məhkəməsi və hətta Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası maddi və prossesual qanunların tələblərini kobud şəkildə pozmaqla və tədqiq etdiyi ifadələrin mətnlərini təhrif etməklə hesab ediblər ki, İ.Kərimov X.Qədirovun etibarından sui istifadə etməklə və onu aldatmaqla dələduzluq cinayəti törədib.

Müdafiəçiləri kassasiya şikayətində bildiriblər ki, İ. Kərimovun barəsində çıxarılan bütün hökmlər ləğv olunmalı, işə bəraətverici əsaslarla xitam verilməlidir. Beləliklə, təqdim olunan cinayət işində hakimlərin yol verdikləri qanunsuzluq və ədalətsizliklər göz qabağındadır. Həm istintaqda, hən birinci instansiya məhkəməsində, həm də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında Prezident İlham Əliyevin təxminən iki il əvvəl imzaladığı fərmanda yer alan tövsiyələrə əhəmiyyət verilməyib. Aprelin 9-də Ali Məhkəmənin Cinayət Kollegiyası bu ədalətsizliyi aradan qaldırıb İslam Kərimovun hüquqlarını bərpa etməklə yanaşı ədalət mühakiməsinə, dövlət başçısının məhkəmə-hüquq sistemində islahatların vacibliyi ilə bağlı siyasi iradəsinə münasibətini ortaya qoyacaq. Gözləyək…

Gununsesi.info