İş adıyla adamları aldadan şirkət təmsilçisinə 14 il həbs istənildi

  • By admin
  • 29 Mart 2018 11:50

Bir müddət əvvəl bir neçə şirkət yaradıb, vətəndaşları işə qəbul etmək adı ilə onlardan depozit şəklində pul yığıb aldadan şəxslər həbs olunmuşdu. Həmin şirkətlər təkcə Bakıda yox, bölgələrdə də eyni işi görmüşdü. O zaman bu işdə əli olanların bəziləri qaça bilmişdi. Onlardan biri də adamları iş adı ilə aldadan “Azər Mühafizə” MMC-nin Şirvan bölməsinin sabiq rəisi Namiq Məhərrəmov idi. O, sonradan həbs edilərək məhkəmə qarşısına çıxarıldı.

Gununsesi.info xəbər verir ki, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi iləbaxılırdı. Martın 29-da keçirilən iclasda məhkəmə istintaqının başa çatdığı elan olunub. Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında Namiq Məhərrəmovun 14 il azadlıqdan məhrum edilməsini istəyib.

Aprelin 3-də Namiq Məhərrəmovun vəkili çıxış edəcək, özü son sözünü deyəcək.

İttiham aktına əsasən, o, vətəndaşları işə düzəltmək adı altında onların 180 min 615 manat pulunu dələduzluq yolu iləmənimsəyib.

“General”, “Azər Mühafizə”, “Qala BTX” adlı MMC adlı özəl mühafizə şirkətləri yaradıb, işə girmək üçün depozit adıyla aldadılan şəxslərin sayı 5000 nəfərdən çoxdur.

Araşdırmalar zamanı məlum olub ki, adları çəkilən özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb. Ümumilikdə iş üzrə 39 nəfər təqsirləndirilən şəxs var. Onların adamlara vurduğu ümumi ziyan isəmilyonlarladır.

V.Hüseynov və daha 37 nəfərin də işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baxılır.

Gülər

Gununsesi.info