İş axtaran müəllimlərə: Tovuz, Ağstafa və Qazaxda müəllimlərə ehtiyac var

  • By admin
  • 13 İyun 2016 09:18

classroom_teacher and pupils

Yeni tədris ilində bölgələrdə çatışmayan müəllimlər müəyyənləşdirilib. Gununsesi.info xəbər verir ki, Tovuzda 38 müəllimə ehtiyac olduğu məlum olub.

Rayonun əsasən Şıxheybət, Qaralar, Qalaboynu və digər dağ kəndlərində fəaliyyət göstərən məktəblərdə vakant yerlər var. Tovuz Rayon Təhsil Şöbəsinin müdir müavini Murğuz Əsədovun verdiyi məlumata görə, rayonun adıçəkilən kəndlərində əsasən ibtidai sinif (8 yer), tarix (6), Azərbaycan dili – ədəbiyyat (4), kimya, biologiya, coğrafiya, informatika (2) fənnləri üzrə müəllimlər çatışmır. Gənc müəllimlər daha çox şəhər məktəblərinə üstünlük verdiyindən ucqar dağ kəndlərində belə vəziyyət yaranır.

Ağstafanın cəbhə və ucqar kəndlərində isə 22 müəllim çatışmır. Rayon təhsil şöbəsinin müdiri Leyla İsayeva məktəblərdə daha çox informatika müəllimlərinə ehtiyac olduğunu bildirib.

Qərb bölgəsində yerləşən Qazaxda isə digər iki rayona nisbətən vakant müəllim yeri azdır. Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlının sözlərinə görə, rayonun cəbhəyanı və digər ucqar kəndlərində 14 müəllimə ehtiyac var. Bunlar kimya, biologiya, ibtidai sinif, coğrafiya fənnlərini tədris edənlərdir.