İş yerinin yaxınlığında avtomobilini park edənlərə güzəşt ediləcək? – RƏSMİ AÇIQLAMA

  • By admin
  • 05 Fevral 2024 17:06

Bakıda avtombilini iş yerinin yaxınlığında park edən şəxs təxminən 3-10 AZN arası ödəniş etmək məcburiyyətindədir. Bu məbləğ zonalara görə dəyişir. 

Gununsesi.info xəbər verir ki, həftə ərzində 5 gün avtomobilini park edəcək şəxslər bunun üçün 15 manatdan 50 manatadək ödəniş etməlidirlər.

Mövcud rəqəmlər bəzi vətəndaşlar üçün normal sayılsa da, əksəriyyət bu qiymətləri heç də normal qarşılamır. Sürücülər hesab edir ki, köhnə vaxtlarda olduğu kimi 1 manat verərək avtomobili park etmək daha münasib idi.

Mövcud vəziyyətlə bağlı bəzi vətəndaşlar isə düşünür ki, parkinq qiymətlərinin yüksək olması tıxacların qarşısının alnmasına töhfə verəcək. Lakin parkinq qiymətləri ilə bağlı güzəştlərin edilməsini istəyənlər də kifayət qədərdir.

Hazır iş yerinin yaxınlığında avtomobilini park etmək istəyən vətəndaşlar onlar üçün qiymətlərin nisbətən ucuz olmasını istəyir. Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik və sürücülər üçün hansı halalrda güzəştlərin olmasını dəqiqləşdirdik.

Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildiridli ki, Nazirlər Kabineti tərəfindən parklanma yerinin idarə edilməsi ilə bağlı qəbul edilən qaydalar həm tariflərin özünü, həm də şəhərin tarif zonalarını müəyyən edir. Bu sənəddə tarif zonası üzrə hüdudlar müəyyən edilib. Həmin sənəddə küçə və prospektlər üzrə hüdudlarla tanış olmaq olar:

“Parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. Parklanmaya olan tələbatdan asılı olaraq Bakı şəhərinin müəyyən hissələri 4 ödənişli zonaya bölünüb. Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib. 4-cü zonada isə parklanma ödənişsizdir. Bu zonada infrastruktur yaradılacaq, lakin sürücülərdən parklanmaya görə ödəniş tələb olunmayacaq.

Həftənin bazar günləri, eləcə də günündən asılı olmayaraq saat 22:00-dan saat 07:00-dək parklanma ödənişsizdir. “Yol hərəkəti haqqında” Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün də ödəniş tələb olunmur.

Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər. Eyni zamanda bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər.

Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı iş yerlərinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb”.

Gununsesi.info