“İş yerlərinin bağlanması, işsizliyin artması bu gün iqtisadiyyatda diqqəti cəlb edən əsas məsələlərdən biridir” - EKSPERT

  • By admin
  • 07 Avqust 2017 14:54

issizlik

“İş yerlərinin bağlanması, işsizliyin artması bu gün iqtisadiyyatda diqqəti cəlb edən əsas məsələlərdən biridir. Bu əhalinin, istehlakçıların davranışına təsir göstərir. Böyük alış-verişlər demək olar ki, dayanıb”.

Gununsesi.info xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu “Amerikanınsesi”nə verdiyi açıqlamada ölkədəki iqtisadi və maliyyə durumunu şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı artıq bir neçə ildir ki, kiçilir. “Bu kiçilmənin əsas xarakterizə edən göstəriciləri milli gəlirin azalmasıdır, adambaşına düşən milli gəlirin səviyyəsinin aşağı düşməsidir. Büdcənin həm xərclərinin, həm də gəlir hissəsinin əvvəlki illərlə müqayisədə xeyli kiçilməsindən söhbət gedir. Bütövlükdə götürəndə Azərbaycan iqtisadiyyatı miqyas baxımından kiçilmək durumundadır. Bu davamlı olaraq artıq illərdir ki, müşahidə olunur”- deyə ekspert vurğulayıb.

O əlavə edib ki, Azərbaycan iqtisadiyyatında başqa bir tendensiya (bu çox əhəmiyyətli bir məsələdir), – artıq ikinci ildir ki, ölkədə ikirəqəmli inflyasiyanın mövcud olması tendensiyası var: “Bu o deməkdir ki, istehlakçıların xərcləri durmadan davamlı şəkildə artır. Başqa bir tendensiya, hansı ki, diqqəti cəlb edir, (bu da çox əhəmiyyətli məsələdir) iqtisadiyyatın kiçilməsini təmin edən əsas məqamlardan biridir. Çünki ümumdaxili məhsulun tənəzzülü artıq ikinci ildir ki, müşahidə edilməkdədir. Yəni əvvəlki ildən sonra gözlənilirdi ki, bu il müəyyən bir iqtisadi artım olacaq, pozitiv dəyişiklik olacaq. Amma təəssüflər olsun ki, bu ilin birinci yarısında iqtisadiyyat daha 1,3 faiz kiçilib. Yəni, əsas qərarlaşmış tendensiyaları bütövlükdə götürəndə sosial vəziyyətə təsir göstərir. İlk növbədə hesab edirəm ki, iş yerlərinin bağlanması, işsizliyin artması bu gün iqtisadiyyatda diqqəti cəlb edən əsas məsələlərdən biridir. Bu əhalinin, istehlakçıların davranışına təsir göstərir. Böyük alış-verişlər demək olar ki, dayanıb. Əvvəlki kimi daha çox mebel satan sahibkara rast gəlmək mümkün deyil. Avtomobillərin idxalı aşağı düşüb. Bahalı avtomobillərin ölkəyə gətirilməsi daha böyük xərc tələb edir. Eyni zamanda, əhalinin əsas istehlak xərcləri demək olar ki, ərzaq məhsullarının alışından ibarət olub. Bu da ailə büdcəsinin strukturunda, istehlakçıların davranışlarında dəyişikliklərə gətirib çıxarıb. Yığımlar azalıb. Əmanətlərin həcmi əvvəlki illə müqayisədə bu ilin altı ayında 9,5 faiz aşağı düşüb. Bu tendensiya ötən ildən başlayıb. Kredit qoyuluşları aşağı düşməkdədir. İşgüzar aktivlik pisləşir, iqtisadiyyatda əsaslı kapital qoyuluşunun da iki ildir azalmasını müşahidə edirik”.

Valyuta bazarında baş verən prosesləri dəyərləndirən ekspert vurğulayıb ki, hazırda valyuta bazarında sabitlik hökm sürməkdədir. “Yəni, bu nisbi sabitlik adlandırıla bilər. Dayanıqlı sabitlikdən danışmaq hələ tezdir. Bu qısa bir müddətdə müşahidə olunur. Sabitliyi yaradan əsas amillərdən biri ondan ibarətdir ki, dünya bazarında neftin qiyməti bu ilin altı ayında əvvəlki ilin altı ayı ilə müqayisədə nisbətən yüksək olub. Eyni zamanda, Azərbaycanın ixracatının həcmində biz ciddi azalmanı müşahidə etmədik. Bütövlükdə götürəndə xarici ticarət dövriyyəsində 1,8 milyard dollarlıq müsbət saldo yaranıb”- deyə, ekspert vurğulayıb.

Q.İbadoğlunun fikrincə, müsbət saldonun yaranması həm də imkan verib ki, tədiyyə balansının cari hesablar planında da əvvəlki illə müqayisədə daha çox müsbət saldo əldə edək: “Bu da əhəmiyyətli məsələlərdən biridir. Təbii ki, inkar olunmur ki, turizm sektorunda canlanma var. Ölkəyə turistlərin gəlməsi və onların ölkənin daxili bazarında vəsait xərcləməsi də valyuta bazarında müəyyən sabitləşdirici elementlərdən sayıla bilər. Amma bütövlükdə götürəndə bu davamlı və dayanıqlı deyil. Çünki bir tərəfdən valyuta bazarında təklif istiqamətində müəyyən müsbət pozitiv dəyişikliklər var. Amma tələb baxımından əksinə, işlər neqativdir. Tələb nədən ibarətdir? Dövlətin, şirkətlərin, bankların borcları artır. Bu baxımdan da demək olar ki, ilin sonunda yenə də valyuta bazarında gərginlik gözləyirik”.

İqtisadi və maliyyə bazarlarında yaranmış durumun yaxşılaşdırılması üçün hansı addımların atılmasına gəldikdə Q.İbadoğlu deyib ki, bununla bağlı bir sıra qərarlar verilib: “Strateji Yol Xəritəsi” qəbul edilib. Eyni zamanda, yeni-yeni fərmanlar imzalanıb. Düşünürəm ki, bu sənədlərdə kifayət qədər rassional ideyalar var. Sadəcə olaraq, bu günləri Azərbaycanda onların reallaşması istiqamətində problemlər var. Məsələn, Maliyyə Şurasına tapşırılıb ki, Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin yuxarı həddini tənzimləmək üçün altı ay ərzində fiskal qaydalar hazırlansın, prezident onu tətbiq üçün imzalamalıdır. Artıq ona hüquqi qüvvə verilməlidir. Amma bundan altı ay müddət keçib hələ də ortada sənəd yoxdur. Məsələn, icazələrlə bağlı portal yaradılmalıdır, o da yoxdur. Qeyd etmək istəyirəm ki, bu gün əsas məsələlərdən biri fərmanların, qərarların həyata keçirilməsi istiqamətində tənzimləyici orqanların və məsuliyyətli orqanların, müəyyən səlahiyyət sahibi olan dövlət təşkilatlarının öz vəzifələrini düzgün, vaxtında yerinə yetirmələrindən ibarətdir. Bunun üçün də qanunun, hüququn aliliyi olmalıdır, eyni zamanda ən vacib məsələlərdən biri ölkədə hüquq və məhkəmə sisteminin müstəqilliyi olmalıdır. Bununla biz iqtisadiyyatda dəyişiklikləri praktiki müstəvidə təmin edə bilərik”.

Mürtəza

Gununsesi.info