Sabiq spiker, Müsavat Partiyasının eks-başqanı, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbərin imzatoplama kampaniyası başa çatıb.
Gununsesi.org xəbər verir ki, bu haqda Etikxeber.az-a açıqlamasında İ. Qəmbərin özü məlumat verib.
Bununla belə, İ. Qəmbər hələlik imza vərəqələrinin Dairə Seçki Komissiyasına (DSK) təhvil verilmədiyini bildirib.
Əlavə edib ki, gələn həftə, ayın 6-dan sonra imza vərəqələri DSK-ya təhvil veriləcək.
Qeyd edək ki, İ. Qəmbər 1990-cı ildən bu yana 7-ci dəfədir seçkilərə qatılır.
O, cəmi bir dəfə-1990-95-ci illərdə parlamentin üzvü olub.
Qeyd edək ki, 1990-ci ildə onun rəqibləri arasında Sovet İttifaqı Qəhrəmanı, akademik-mərhum Ziya Bünyadov, Xalq artisti-mərhum Hacıbaba Bağırov kimi tanınmışlar olub.
İ. Qəmbər həm də 1992-93-cü illərdə keçmiş Ali Sovetin (Milli Məclisin) sədri vəzifəsində çalışıb.
Həmçinin, məşhur “43-lər”dən-“İstiqlalçı” deputatlardan biri olub.
İ. Qəmbər 1995, 2000, 2005, 2010-cu illərdə seçkilərə qatılsa da, onun qələbəsi tanınmayıb.
2015-ci ildə son anda Müsavat Partiyası boykot qərarı verdiyi üçün, namizədliyini geri çəkib.
İ. Qəmbər hazırda namizədliyini 19 saylı Nərimanov I seçki dairəsindən irəli sürüb.
Həmin dairədən hakim Yeni Azərbaycan Partiyası (YAP) isə millət vəkili Hikmət Babaoğlunun namizədliyini verib.
Gununsesi.org