İsaxanın Tonisi

İsaxan Aşurovun vəfat xəbərini alanda beynimdən ilk keçən sual “Elton bəy bundan sonra necə yaşayacaq”, olmuşdu.  Ailəsindən, “içəridə”, bayırda müdafiəsinə ehtiyacı olanlardan daha çox dostuna acımışdım. Biz ölkənin bu iki ünlü vəkilini  bir-birindən ayrı təsəvvür eləmirdik – İsaxansız nə Toni? O, tələbəlik, əqidə yoldaşını hərdən “Toni”, hərdən də “Anton ata” çağırırdı, Elton bəyin apardığı işlərdə bir addım irəliləyiş olan kimi jurnalistlərə deyirdi – elə məni tərifləyirsiz, amma əsl əjdaha Tonidi.
İsaxan bəyin xəbərini qəzetə hazırlamaq üçün ilk zəng elədiyim adam Elton Quliyev olmuşdu. Qəhərdən boğulurdu. Can dostunun itkisi ruhunu əzmişdi… Hönkür-hönkür ağlayırdı. Kədəri o qədər güclü idi ki, nə özü danışa bildi, nə mən sual verib qəminə qəm qatmağa ürək elədim. Qapatdıq… Halından bilinirdi – 40 illik dostu olmayan dünyada qərar tutmaq ona çətin olacaqdı.
Çox çəkmədi – İsaxan Aşurovun vəfatının bir ilində Elton Quliyev ona doğru yola çıxdı. Dostunu aparan xərçəng beynində zühur eləmişdi… Şokdaydıq… Azərbaycanın iki ünlü vəkilinin qədər ortaqlığı yalnız ədalət axtararkən qarşılarına çıxan saysız-hesabsız maneələrdə deyilmiş, tapdıqları xəstəlik də eyni idi.
Sınmadı. Nə zaman halını soruşduq “yaxşıyam”larla nigarançılıqdan üzülənlərin başını qatdı, bir dönəm “düzəlirəm” mesajı ilə 1-2 dost məclisində göründü. O zəhrimar isə irəliləyirdi. Xəbərlər pis idi. Nə qədər israr elədik, “məni belə görməyin, düzəlim, görüşək” deyib yadımızda xəstə qalmaq istəmədi. Sifarişli məhkəmənin hakimi deyildik ki, “vəsatət”ini təmin etməyək? Özünü narahat eləmədən soraqladıq, gözümüz yaxşı xəbər üçün yaxınlarının üzündə qaldı. Amma olmadı. Bu gecə o da getdi… Ruhu şad, məkanı cənnətdə olsun.
Xeyirlə şərin Azərbaycan məhkəmələrində gedən “ölüm-dirim” savaşında bu iki vəkili daha mübariz eləyən həm dərin hüquq bilgiləri, həm mükəmməl natiqlik istedadları, həm də Azərbaycanı sivil, azad, demokratik, hüququn aliliyinin təmin edildiyi ölkə kimi görmək yanğısı idi. Onlar əsl vətəndaş idilər. Məhkəmədə qurduqları müdafiəyə sadəcə müvəkkilin hüquqlarını qorumaq demək, günah olar. Bu, haqqın, ədalətin bərpası, ölkədə müsbət president yaranması, sonucda repressiya maşınının durdurulması üçün əsl savaş idi.
Bu parlaq zəkaların qəzetçilər üçün vazkeçilməz edən həm də zarafatcıllıqları idi. Yaddaşlarda nə qədər xatirələr qalır… İstisnasız olaraq ölkənin ən səs-küylü məhkəmələrində müdafiəçi rolu onlarda olurdu. İsaxan bəydən proses haqqında proqnoz soruşanda adətən belə cavab verirdi – nə təhər olacaq, əgər orda vəkillər Toni ilə mənəmsə, demək, ya 15 il alacaqlar, ya ömürlük, amma bu qərar Avropa İnsan Haqları Konvensiyasına zidd olacaq. Acı reallığı bundan şirin necə təsvir etmək olar?
Elton bəy isə “vəkillik xəstəliyinin” ən ağır formasına “yoluxmuşdu”. Qarşısındakı onun fikrini təsdiq edəndə belə opponentlik eləməyə başlayar, “ yox, elə deyil”li cümlə qurar, sonda yenə də öz dediyinə dönərdi. Çox gülərdik… Bu, Azərbaycanın istintaq orqanlarında hazırlanan saxta ittihamlara görə illərlə uzanan çəkişmələrdə qazanılan özəllik idi.
Hakimlər heç birini sevmirdi. Çünki hüquq terminolojisi ilə zəngin müdafiə çıxışlarının arasında bəzən elə incə ifadələr işlədirdilər ki, sözlər hakimlərin 7 qatından keçirdi. Bəlkə də vicdanlarını ağrıdırdı… Təbii, söhbət vicdanını bir balaca da olsa qoruyub saxlaya bilənlərdən gedir…
Asan deyildi. Üzdə sakit, təmkinli görünən vəkilləri dəfələrlə gərginlikdən partlayacaq şəkildə özlərini məhkəmə zalından dışarı atıb siqareti siqaretə calayan görmüşəm. Hüququn “suçsuzdur” dediyi insanlara ağır cəza verilməsini seyr etmək və heç nə edə bilməmək bir hüquq adamı üçün çox ağır olsa gərək…
Közərən siqaretlər, alışan ürəkləri oldu. Heç kəs bu iki vicdanlı adamın xəstəliyini əsəbdən tapmadığını sübut edə bilməz. Onların cismi hüquqsuz bir cəmiyyətin ruhlarını yıpratmasına dözmədi.
Yaxşı kişilər gedəndə dünya çox kədərli olur. Kədər bir az da çoxaldı.
Aygün Muradxanlı
Gununsesi.info