Ombudsman il ərzində ona ünvanlanmış müraciətlərin araşdırılması, milli preventiv və müstəqil monitorinq mexanizmi fəaliyyətləri çərçivəsində həyata keçirilən başçəkmələr və monitorinqlər, aparılan müşahidələr, qanunvericiliyin, habelə mediada və sosial şəbəkələrdə dərc edilən məlumatların təhlili nəticəsində, habelə sosial dövlət prinsiplərindən irəli gələrək insan hüquq və azadlıqlarının daha effektiv təmini və müdafiəsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi, müsbət təcrübələrin tətbiqi, institusional koordinasiyanın gücləndirilməsi və dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədilə bir sıra məsələlər təklif edilib.
Gununsesi.info xəbər verir ki, təklif edilən məsələlər arasında işçilərlə bağlı müddəalar diqqət çəkir.
Belə ki, təkliflərə xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla, işçilərin fiziki və psixoloji sağlamlığının təmin edilməsi, ailə və sosial həyat tarazlığının qorunması (ailə münasibətlərinə, uşaqların tərbiyəsinə, ictimai fəaliyyətə daha çox zaman ayrılmasına şərait yaradılması), habelə əmək məhsuldarlığının yüksəldilməsi məqsədilə həftəlik və günlük iş normalarına yenidən baxılması, o cümlədən işçilərin əmək və istirahət hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 116-cı maddəsinə müvafiq dəyişikliklər edilməklə, işçiyə əmək stajı on beş ildən iyirmi ilədək olduqda 6 təqvim günü, iyirmi ildən çox olduqda isə 8 təqvim günü müddətində əlavə məzuniyyətin verilməsi barədə müddəaların əlavə edilməsi daxildir.
Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə “İş yerində psixoloji təzyiq (mobbinq)” adlı yeni maddənin əlavə edilməsi və bununla bağlı hüquq münasibətlərinin həmin maddədə ümumiləşdirilməsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) işçinin iş yerində təkrar psixoloji zorakılığa (mobbinq) məruz qalması hallarında əmək müqaviləsinin işçi tərəfindən birtərəfli qaydada ləğv edilə bilməsi ilə əlaqədar dəyişikliyin edilməsi də təkliflərə daxil edilib.
Orxan












