İsgəndər və Sərdar Həmidovların bacısı vəfat edib

  • By ilhame
  • 25 Oktyabr 2023 21:10

İsgəndər və Sərdar Həmidovların bacısı Roza Məmmədova vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Sərdar Həmidovun oğlu Şəhriyar Məcidzadə bibisinin vəfatı ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Həmin qeydləri təqdim edirik:

17 yaşın olanda anasını itirdi. Sonra atasını..
30 yaşlarında gənc bacısı Ahunu, gənc qardaşı Nofəli. Ardınca kiçik qardaşı Zakiri, atam Sərdarı, bibim Ulduzu, əmim İsgəndəri..
Bu fotoda məzarını qucaqladığı son itkisi İsgəndər əmimin məzarıdı. O həmişə sevdiklərini itirdi. Gözləri yaşlı, ürəyi dağlı idi. İndi isə qardaşlarının, bacılarının övladları bizlər onu itirdik.. Bu onun ağır, keşməkeşli həyatında son addımı oldu.
Cəmi bir neçə gün əvvəl mənə zəng etmişdi:
– Kitablarının tərcüməsi davam edir? Dedim “Bəli”.
Yeni kitablarından bibinə gətirərsən dedi. “Gözüm üstə” dedim.
O bizim hamımızın müəlliməsi olub. 50 illik pedaqoji fəaliyyəti ilə yüzlərlə uşağın həyat uğuruna imza atıb. Çox tələbkar idi.
Onun qapqara saçları 30 yaşında bacısını itirəndə ağarmışdı. Çox ağır, çox kədərli ömür yaşamışdı və o danışanda nəsə öyrənməmək mümkün deyildi.
Bir dəfə atam haqqında danışırdı. Olduğu kimi yazacam.
– Nənən dünyasını dəyişəndə atanın 10 yaşı var idi. Səhər tezdən oyanıb məktəbə getmişdi. Gördüm ki, Sərdar yoxdu. Sonra gördüm ki, qayıdır. Məktəbdə müəlliməsi deyibmiş ki, Sərdar bu gün sən məktəbdə olmasanda olar. Qayıt evə. Bacısı qurban karıxıb getmişdi. Axı o uşaq idi.. Anasız qalmışdı..
Gözləri doldu.
Ardını gətirmədi amma elə o vaxtdan da bütün qardaş və bacılarına analıq etməyə başlamışdı.
İsgəndər əmimin vəfatı onu çox sarsmışdı. Xəstəxanada bircə imkan verin “İsgəndərin ayaqlarını qucaqlayım” deməyi hələ də qulaqlarımdadı. Atasını, anasını, bütün qardaş və bacılarını dəfn etmiş bacının ahı, fəryadı idi. Həyat yükünü çəkə çəkə, səndələyə səndələyə, son nəfəsini verib bu dünyadan köçdü getdi. Kolanı Məcidin övladlarının böyüyü və həyatda qalan son nümayəndəsidə artıq yoxdu.
Biz bibilərimizə də ana deyirik. Roza ana yerin behişt olsun. Daha acı, əzab, gözyaşları yoxdu. Ruhu şad olsun!

Şəhriyar Məcidzadə

Gununsesi.info