
Ukrayna nümayəndələri Minskdə siyasi yarımqrupun görüşündə əsas məsələlərdən birini – Donbasa xüsusi statusun verilməsi məsələsini müzakirə etməkdən imtina ediblər.
Gununsesi.org “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu əlaqə qrupunda səlahiyyətli nümayəndə, “Donetsk Xalq Respublikası” separatçı rejimin “Xarici İşlər Nazirliyi”nin başçısı Natalya Nikonorova bildirib.
Nikonorova qeyd edib ki, ilk növbədə Donbasa xüsusi statusun verilməsi və onun Ukrayna konstitusiyasına daxil edilməsi haqqında dialoqa başlamaq lazımdır.
“Ancaq Ukrayna nümayəndələri gündəlik məsələləri müzakirə etməkdən imtina etdilər. Bu o faktı açıq-aydın təsdiq edir ki, əlaqə qrupunda irəliləyiş məhz Minsk razılaşmaları üzrə öhdəliklərin icrası üzrə siyasi iradənin mövcudluğundan asılıdır. Hazırda təsdiq etməyə məcburuq ki, belə iradə yoxdur”, – o əlavə edib.
Donetsk və Luqansk vilayətlərinin bir hissəsi hazırda rusmeylli separatçılar tərəfindən nəzarət altındadır. Kiyev işğal prosesində Rusiyanın nizami qoşununun iştirak etdiyini və hazırda burada Rusiya hərbçilərinin olduğunu iddia edir. Moskva isə münaqişə tərəfi olmadığını, münaqişənin Ukraynanın daxili işi olduğunu bildirir.