“İşğal edilmiş torpaqlarımıza köçürülən erməniləri rahat həyat gözləmir”  Aydın Mirzəzadə

“Bu gün həm Ermənistanda, həm də işğal edilmiş ərazilərimizdə sosial-iqtisadi vəziyyət çox acınacaqlıdır. Belə bir halda xaricdən müəyyən bir qrup ermənilərin gətirilməsi Ermənistanın indiki iqtidarının öz cəmiyyətində guya vəziyyətin yaxşı olması təəssüratı yaratmağa çalışmasından başqa bir şey deyil”. 

Gununsesi.info bildirir ki, bu sözləri sentyabrın 11-də sosial şəbəkələrdə Livandan olan erməni mənşəli  ailənin Azərbaycanın  işğal altında olan Şuşa şəhərində yerləşdirilməsi haqda yayılan məlumatları Unikal.org-a şərh edərkən millət vəkili Aydın Mirzəzadə deyib. 

Millət vəkili bildirib ki, bu, ermənilər tərəfindən Azərbaycana qarşı həyata keçirilən növbəti siyasi provakasiyadır.

“Son dövrlərdə indiki hakim komandanın reytinqi 17 faizə düşüb. Bu isə əlbəttə ki, onun çıxılmaz vəziyyətdə olduğunu göstərir. Eyni zamanda Ermənistan Livandan bir qrup ermənini işğal edilmiş zonaya gətirməklə dünya erməniniliyinə bir nüfuz olduğunu göstərməyə çalışır. İstənilən halda səbəbindən asılı olmayaraq ortada Azərbaycan ərazisinə xarici dövlət tərəfindən provakasiya şəklində bir qrup insanların qeyri-qanuni yerləşdirilməsi faktı var. Çox təəssüf ki, torpaqlarımız işğalda olduğuna görə biz bu fakt qarşısında qalırıq. Ancaq bununla belə hakimiyyət bu məsələyə öz münasibətini bildirir, Azərbaycan tərəfindən Livanla bu məsələlər araşdırılır. 

Eyni zamanda Azərbaycan informasiya məkanı torpaqlarımızın işğal olunduğu və Ermənistanın növbəti provakasiyası haqqında dünyaya daha geniş məlumatlar yaymağa çalışır. Həmçinin  işğal edilmiş torpaqlarımıza köçürülməyə razılıq verən ermənilər bilməlidirlər ki, onları burada rahat həyat gözləmir. Azərbaycan torpaqlarını işğaldan azad etmək fikrindədir, daima da buna hazırlaşırıq və vaxtaşırı cəbhə xəttində baş verənlər göstərir ki, hərbi əməliyyatlatın yenidən bərpası həmişə gündəmdədir. Azərbaycan torpaqlarına köçürülmüş Erməni ailələr, şübhəsiz ki, burada öz ölkələrindən daha ağır vəziyyətə düşdüklərini dərk edəcəklər”, – deyə millət vəkili bildirib. 

Gununsesi.info