İşğaldan azad olunmuş ərazilərimizin bərpası neçə ilə başa gələcək? – Ekspertlərin CAVABI

“Güclü əmək və böyük vəsait sərf olunarsa, Qarabağın bərpasını 5-10 ilə başa çatdırmaq olar”.

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı alim Əli Əlirzayev Qarabağın tam şəkildə bərpası prosesinin haçan yekunlaşa biləcəyi barədə suala cavabında deyib:

HTML tutorial

“Bu məsələnin həlli bir çox amillərdən, dövlətin, yerli orqanların münasibətindən, axının təşkilindən, xaricdən və daxildən gələn investisiyadan, sahibkarlığın inkişafından asılıdır. Bütün vasitələrdən maksimum istifadə olunsa, Qarabağın tam bərpası prosesini aşağısı 5-10 ilə başa çatdırmaq olar. Amma bunun üçün böyük miqdarda vəsait və əmək lazım gələcək. Ən yaxşı variant orada yaşayan əhalinin ev təsərrüfatlarını özlərinin bərpa etməsinə imkan yaratmaqdır”.

İqtisadçı ekspert Akif Nəsirli isə bildirib ki, proses tək dövlətin hesabına həyata keçiriləcəksə, bərpa işləri 50 il çəkəcək. Bölgədə azad iqtisadi zona yaradılacağı təqdirdə isə, işi 10 ilə başa çatdırmaq olar:

“Azərbayan hökuməti işğaldan azad olunmuş əraziləri bütünlüklə dövlət hesabına yenidən qurmaq istəyir. Bu humanist addım olsa da, Qarabağın bərpasına ən azından 100-150 milyard dollar lazım gələcək. Keçən il hökumət bu işə 2,2 milyard, bu il isə 3,2 milyard dollar ayırıb. Bu hesabla hökumətin həmin əraziləri yenidən qurması və əhalinin köçünü təmin etməsi üçün azı 50 il gözləməliyik. Deməli, burada yükün hamısının dövlətin üzərinə yüklənməsi nə doğru, nə də mümkün deyil.

İqtisadçının fikrincə, bölgəni azad iqtisadi zonaya çevirməklə isə bərpa prosesinin müddətini 10 ilədək azaltmaq olar: 

“Prosesə özəl sektoru, xarici investisiyanı cəlb etməklə bərpa işlərini daha tez bir müddətdə başa çatdırmaq olar. Həm də dünyanın aparıcı şirkətlərini dəvət etməklə yanaşı, öz təşəbbüsü ilə doğma yurdunda ev tikmək istəyənlərə də qucaq açmalıyıq. Ərazinin yüksək potensialını da nəzərə alsaq, tam bərpa işlərini uzağı 10 ilə başa çatdırmaq mümkündür. Azərbaycan hökuməti isə yalnız iki istiqamət üzrə xərcləri üzərinə götürməlidir. Bunlar ərazinin minalardan təmizlənməsi və infrastrukturun, kommunikasiyanın bərpasından ibarətdir”.

Gununsesi.info