İŞİD-ə biət etməkdə ittiham olunaraq həbs edilən 29 yaşlı Aydın Gülməmmədov və 25 yaşlı Əmrah İmanov Bakı Ağır Cinayətlər Məhkəməsində onların barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti vermişdi. Amma BakıApellyasiya Məhkəməsi onlara “yox” deyib – şikayətləri təmin olunmayıb.
Gununsesi.info xəbər verir ki, adları çəkilən Sumqayıt sakinlərindən Aydın Gülməmmədova 13, Əmrah İmanova isə 11 il həbs cəzası verilib. Onlar terrora cəhd, qanunsuz silah saxlama kimi əməllərdə təqsirləndirilirlər.
Onlar 2016-cı ilin oktyabrında Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatında həbs olunub. Ələt qəsəbəsində və Abşeron rayonunda keçirilən əməliyyatlarda iki nəfər öldürülüb. Onlardan Ağamirzə Quliyevin Bakı-İstanbul reysi ilə hərəkət edən avtobusdakı əməliyyat zamanı silahlı müqavimət göstərdiyi və bu üzdən öldürüldüyü bildirilir. DTX əməkdaşları avtobusu Ələt qəsəbəsində saxlayıb. Rəsmi məlumata görə, həmin avtobusda sərnişin olan, “Ömər” dini ləqəbli Ağamirzə Quliyev DTX əməkdaşlarının təslim olmaq təklifi qarşısında qumbara çıxarıb partlatmağa cəhd edib.
Fuad Rüstəmov da Abşeron rayonu ərazisində saxlanılarkən silahlı müqavimət göstərdiyinə görə öldürülüb. Onun evindən isə İŞİD-in bayrağının tapıldığı bildirilir.
Məhkəmə qarşısınaçıxarılan iki nəfər isə digər dəstə üzvləri ilə birlikdə Əmrah İmanovun evinə toplaşıb, İŞİD-ə biət etməkdə ittiham olunur. Cinayət işinin materiallarında yazılıb ki, onlar öncə dəstəmaz alıb İşa namazı qılıblar, sonra isə çəkilişə hazırlaşıblar. Əmrah İmanovun gətirdiyi qara maykanı iki hissəyə bölüb üzlərini bağlamaq üçün maska düzəldiblər. Ardınca da olanları videoya çəkiblər. Videoda isə İŞİD-i dəstəklədiklərini bildiriblər.
“Əmrah telefonunu mənə verdi, çəkməyə başladım. Çəkiliş zamanı Zaur ərəb və rus dillərində danışırdı. Bu dillərin heç birini bilmədiyim üçün nə dediklərini anlamırdım. Amma arabir rus dilində danışanda başa düşdüm ki, Zaur İŞİD-dən danışır. Zaurun çıxışı təxminən iki dəqiqə çəkdi. Hamımız birlikdə çəkilişə baxdıq. Əmrah “Bluetooth” vasitəsilə videonu Zaura köçürdü. Fuadla Zaur mənə videonun heç kimin əlinə düşməməsi barədə tapşırıq verdilər. İstifadəmdə olan mobil telefonu satmalı olduğum üçün telefonun yaddaşından hər şeyi, o cümlədən həmin videonu da sildim”, – təqsirləndirilən Aydın Gülməmmədov ifadəsində bildirib.
Ümumiyyətlə, təqsirləndirilən şəxslərin heç biri ittihamda yazılanlarla razılaşmır.
Gülər
Gununsesi.info