İŞID-a qoşulan azərbaycanlılar Türkiyədə tutuldu

  • By admin
  • 23 May 2016 15:54

isid

Türkiyədə İŞİD terror qruplaşmasına qoşulmaq istəyən şəxslər saxlanılıb və çox sayda silah-sursat ələ keçirilib. ANS PRESS-in məlumatına görə, anti-terror əməliyyatları ölkənin Qaziantep şəhərində keçirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şəhərdə yerləşən evlərə basqın ediblər. Bununla yanaşı şəhərdə əməliyyatlar zamanı İŞİD-ə məxsus silah anbarı aşkar edilib.

Şəhərdə yerləşən evlərə baxış zamanı oradan müxtəlif növ partlayıcı maddələr, Kalaşnikov silahı, kustar üsullarla hazırlanan tüfənglər, mərmilər və bomba hazırlamaq üçün lazım olan ləvazimatlar ələ keçirilib.

Həmçinin əməliyyatlar zamanı bomba hazırlamağı öyrətmək üçün nəzərdə tutulan videolar müəyyən edilib. Qrup Türkiyədə böyük terror hadisələri törətməyi planlaşdırıb.

Həmçinin polis sərhəddən Suriyaya keçməyə hazırlaşan 10 nəfəri həbs edib. Onlardan 9 nəfəri xarici ölkə vətəndaşı olub. Həbs olunanlar arasında Azərbaycan vətəndaşları da olub. Həmçinin İran, Tacikistan və Qırğızıstan vətəndaşları da Suriyaya keçməyə hazırlaşarkən saxlanılıb.

isid

Aprelin 1-də isə Türkiyədə terror törətmək istəyən 5 İŞİD terrorçusu müəyyən edilmişdi. Onlardan biri Azərbaycan əsilli olsa da Rusiya vətəndaşı olub. İsa Tupolovun hələ də Suriyanın Rai şəhərində olduğu deyilirdi.

Həmin vaxt onların Türkiyə ilə yanaşı Azərbaycanda da terror aktları törətməyi planlaşdırdığı barədə məlumat yayılmışdı. Amma məlumat öz təsdiqini tapmadı.