İŞİD başçısının real “varis”lərindən biri İraqda öldürüldü

  • By admin
  • 24 İyul 2017 21:51

isid

İŞİD terror qruplaşmasının başçısı Əbu-Bəkr əl-Bağdadinin real varislərindən biri İyyad əl-Obaydi İraqda məhv edilib. Bu məlumatı bazar ertəsi günü “Al-Arabiya” telekanalı yayıb.

Gununsesi.info TASS informasiya agentliyinə istinadla xəbər verir ki, əl-Bağdadinin yaxın köməkçilərindən olan əl-Obaydi ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Mosuldan qərbdə endirdiyi aviazərbə nəticəsində öldürülüb. Əməliyyatın detalları məlum deyil. Alyans komandanlığı məlumatı şərh etmir.

Bir qədər əvvəl ərəb KİV-ləri məlumat vermişdilər ki, əl-Bağdadinin ölümü təsdiqləndiyi halda, onun yerinə İraqın sabiq prezidenti Səddam Hüseyn ordusunun iki keçmiş zabiti – terror iyerarxiyasında yüksək postlar tutan İyyad əl-Obaydi və Ayyad əl-Cumayli iddia edə bilərlər. İyulun 11-də “As-Sumariya” telekanalı Naynava vilayətindəki mənbəyə istinadla məlumat vermişdi ki, İŞİD yaraqlıları başçıları əl-Bağdadinin öldürüldüyünü elan ediblər.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya Müdafiə Nazirliyi İŞİD liderinin Rakka şəhərinin cənubunda mümkün məhvi barədə açıqlama yaymışdı. Nazirlikdən bildirmişdilər ki, mayın 28-də Rusiya aviasiyası Suriyada İŞİD liderlərinin toplaşdığı komanda məntəqəsinə zərbə endirib. Aviazərbə nəticəsində 30-dək yüksək vəzifəli səhra komandirinin öldürüldüyü, əl-Bağdadinin də onların arasında olduğu iddia edilirdi.

İŞİD başçısının ölümü haqqında KİV-də zaman-zaman məlumatlar yayılsa da, hələlik bu xəbərlərin heç biri təsdiqini tapmayıb.

Gununsesi.info