“İşığın və qazın qiymətinin qaldırılması prezidentin siyasətinə ziddir” - FƏZAİL AĞAMALI

  • By admin
  • 02 Dekabr 2016 12:51

fezail

Tarif Şurasının elektrik enerjisi və qazın qiymətinin qaldırılması ilə bağlı verdiyi qərar ölkə başçısının qeyri-neft sektoru, kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı həyata keçridiyi siyasətlə uyğunluq təşkil etmir.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, İnsan hüquqları, Regional məsələlər, İdman və gənclər komitələrinin birgə iclasında növbəti ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu, xüsusən tərəvəzçilik sahəsində çalışan sahibkarlara ağır zərbə vuracaq. “Əgər bu gün istixana işlədən sahibkar ayda 25 min manat vəsait xərcləyirdisə, bundan sonra 50 min manat ödəməli olacaq. Digər məqam isə ondan ibarətdir ki, xaricdən gətirilən gübrələrlə bağlı  tərəvəzçiliklə məşğul olan və istixana işlədən sahibkarlara güzəşt yoxdur. Bu da bir neçə dəfə qalxıb. Bu, istər- istəməz tərəvəzçilik sahəsində çalışanlar üçün ciddi problem yaradacaq və biz bunu hiss edəcəyik. Çünki bu sahə ölkəyə milyonlarla valyuta gətirirdi və bu sahənin inkiaşfına ciddi əngəl törədəcək”- deyə, millət vəkili vurğulayıb.

Deputat təklif edib ki, Tarif Şurası heç olmasa, vətəndaşlara nəzərdə tutulan kvotanı artırmalıdır. “Heç olmasa elektrik enerjisi ilə bağlı kvota 500 kv/saata, qaz isə 1500 kubmetrdən 3000 kubmetrə qaldırılmalıdır. Çünki rayonlarda insanlar evlərini ya qazla, ya da elektirk enerjisi ilə soyuqdan qoruyur. Bu da Bakı və digər şəhərlərdə vahid istilik sistemi olmadığından, sakinlərə təsir edəcək. Bu məsələyə yenidən baxılmalıdır”- deyə, o bildirib.

Mürtəza

Gununsesi.info.