İşlərimizi başa çatdıracağıq –  İlham Əliyev

  • By admin
  • 18 Aprel 2018 21:50


Biz bu illər ərzində ölkə daxilində enerji təminatını yaxşılaşdıra bilmişik. Böyük infrastruktur layihələri icra edilib. Son 15 il ərzində 30-dan çox elektrik stansiyası tikilib. Onların generasiya gücü 3900 meqavata bərabərdir. Müqayisə üçün deyə bilərəm ki, bizim indi ümumi generasiya gücümüz təqribən 6,5 min meqavata bərabərdir. Onun 3,9 min meqavatını biz 15 il ərzində yarada bilmişik. Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimindəki çıxışında deyib.

Prezidentin sözlərinə görə, qazlaşdırma bu ilin sonuna qədər Azərbaycanda 95 faizə çatacaqdır:

“Hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir və biz bundan sonra da bu işlərlə məşğul olacağıq.

Bu ilin sonuna qədər, – əgər 2004-cü ilin əvvəlindən hesablasaq, – ölkəmizdə 15 min kilometr yeni yol çəkilişi təmin edilmiş olacaqdır. Bu proses bundan sonrakı illərdə də davam edəcək. Bütün kənd yolları ilə bağlı təkliflər artıq bizə daxil olub. İmkan olduqca biz bütün kənd yollarını yenidən quracağıq. Bu istiqamətdə artıq böyük işlər görülübdür.

2004-cü ildə Bakının su təchizatı ilə bağlı problemləri çox ciddi idi. O vaxt Bakı sakinlərinin 29 faizi davamlı təmiz içməli su ilə təmin olunurdu. Bu gün bu rəqəm 81 faizə çatıbdır. Ölkə üzrə isə 2004-cü ildə təqribən 20 faiz əhali içməli su ilə təmin edilirdi, hazırda bu rəqəm 67 faizə çatıbdır. Bundan sonrakı illərdə bu günə qədər görə bilmədiyimiz işləri biz başa çatdıracağıq. Bütün şəhərlərdə, bütün kəndlərdə insanlar təmiz içməli su ilə təmin olunmalıdırlar. Bizim proqramlarımızda bu var. Bu da infrastruktur layihələri arasında xüsusi yer tutan sahədir.

Kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya tədbirləri görülübdür, dörd böyük su anbarı tikilib və son bir neçə il ərzində biz hər il 100 mindən çox hektara yeni su mənbəyi gətiririk. Əminəm ki, kənd təsərrüfatının inkişafına bunun çox böyük təsiri olacaqdır”.

İlham Əliyev bildirib ki, nəqliyyat infrastrukturuna çox böyük vəsait qoyulub:

“Biz son illərdə ölkə daxilində nəqliyyat infrastrukturu ilə çox ciddi məşğul olmuşuq. Biz yeddi aeroport tikmişik, onlardan altısı beynəlxalq statusa malikdir. O aeroportlar indi işləyir, xaricdən gələn turistlərin sayır artır. Ələtdə Xəzər dənizində ən böyük yeni ticarət limanı tikilir, yaxın gələcəkdə istifadəyə veriləcəkdir. Dəmir yolu infrastrukturu yeniləşir. Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir. Burada da biz liderliyi möhkəmləndiririk. Gəmiqayırma zavodunun tikintisi artıq xaricdən gəmilərin alınmasına ehtiyac qalmadığını göstərir”.

Gununsesi.info