“İslahatlar nəticəsi olaraq Azərbaycanda təkmil siyasi sistem bərqərar olub” - SEKTOR MÜDİRİ

  • By admin
  • 24 Noyabr 2016 14:40
elxan
“Prezident İlham Əliyevin həyata keçirdiyi sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olub”.
Gununsesi.info xəbər verir ki, bu fikri Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin sektor müdiri Elxan Mikayılov bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM), Avropa İttifaqı (AI), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və SİGMA-nın birgə təşkilatçılığı ilə “Dövlət İdarəetmə Prinsipləri: Beynəlxalq təcrübə və inkişaf perspektivləri“ mövzusunda keçirilən konfransda deyib.
Konfransda çıxış edən Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin sektor müdiri Elxan Mikayılov bildirib ki, Azərbaycanda  qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində ciddi işlər görülüb.
O bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olub: “Buna görə də  ölkə başçısının tapşırılıqları siyasi islahatların iqtisadi islahatlarla paralel şəkildə aparılıb. Bu istiqamətdə prezidentin sərəncam və  fərmanları, eləcə də qəbul olunmuş qanun layihələri atılan addımları daha da effektiv edib”. Elxan Mikayılov həmçinin bildirib ki, beynəlxalq qurumlarla əməkdaşlıq və təcrübə mübadiləsi fəaliyyətin səmərəliliyini artırır.
İİTKM-nin İcraçı direktoru, iqtisad üzrə elmlər doktoru Vüsal Qasımlı bilidirib ki, Azərbaycanda dövlət idarəetməsi ilə bağlı islahatlar yeni iqtisadi paradiqmanın tələblərinə uyğun olaraq uğurla davam etdirilir: “Dövlətə məxsus müəssisələrin səmərəliliyinin qiymətləndirilməsi sahəsində tətbiq edilən və beynəlxalq təcrübədə tövsiyə edilən qabaqcıl qaydalar öyrənilib və Prezident Fərmanına uyğun olaraq tətbiq ediləcək. Dövlət müəssisələri üçün effektiv fəaliyyət üzrə uyğun mexanizmlər müəyyənləşdiriləcək. Bu sahədə dövlət idarəetməsi islahatları mərhələli şəkildə həyata keçiriləçək.” Dr. Qasımlı həmçinin əlavə edib ki, Milli iqtisadiyyatın strateji yol xəritəsi çərçivəsində də dövlət idarəetmə islahatlarının istiqamətləri müəyyənləşdirilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirib ki, milli iqtisadiyyatımızın inkişafı istiqamətində hazırda sistemli islahatlar həyata keçirilir və bu islahatlar gələcək perspektivlər baxımından böyük əhəmiyyət kəsb edir. Ziyad Səmədzadənin fikrincə, beynəlxalq qurumlar da Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
Mürtəza
Gununsesi.info