İslam dünyasını məscidlərin taleyi maraqlandırmır - MİLLƏT VƏKİLİ

  • By admin
  • 15 Mart 2017 15:00
yaqub_mahmudov
Bir sıra Avropa ölkələri açıq-aşkar islamofobiya meyillərini təbliğ edirlər.
Gununsesi.info xəbər verir ki, bunu AMEA Tarix İnstitutunun direktoru, millət vəkili  Yaqub Mahmudov bu gün “İslam həmrəyliyi-zamanın çağırışı” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
Millət vəkilinin sözlərinə görə,  bu gün dünyanın müxtəlif siyasi qüvvələri tərəfindən müsəlman dünyasında bilərəkdən qarşıdurmalar yaradılır: “Bu qüvvələr İslam dünyasında yaradılan qarşıdurmalara son qoymalıdır. Terrorun İslamla əlaqələndirilməsinin əleyhinəyik. Xristian dünyasında da yüzlərlə terror təşkilatları var. Amma açıq-aşkar islamofobiya meyilləri yeridilir. Nə üçün İslam dünyasını bizim işğal olunmuş ərazilərimizdə məhv edilən abidələr, məscidlərin taleyi maraqlandırmır?”
Y. Mahmudov əlavə edib ki,  dünyanın bəzi ölkələrində islamı daxildən dağıtmağa nail olsalar da, Azərbaycanda islam həmrəyliyi var: “Biz dini məzhəb birliyini qoruyub saxlaya bilmişik. Əgər dinlərarası razılıq olsa, dünyada belə münaqişələr olmaz. Münaqişələrin, anlaşılmazlıqların aradan götürülməsi üçün bütün dinlər fəal şəkildə işə qarışmalıdır. Buna görə də Azərbaycan modelini öyrənmək lazımdır. Azərbaycan modeli nümunə kimi götürülərsə, dünyadakı bu soyqırımlara, münaqişələrə son qoyular”. 
Y.Mahmudov onu da qeyd edib ki, Azərbaycan islamın yayıldığı ilk ölkələrdəndir və islamın regionda yayılmasında çox mühüm rol oynayıb: “Biz islam həmrəyliyini, etibarını, dinimizi çox çətin şəraitdə qoruyub saxlaya bilmişik. Məhz müsəlman olduğumuz üçün bizə qarşı dəhşətli soyqırımlar həyata keçirilib, minlərlə insanlar öldürülüb”.
Y.Mahmudov onu da əlavə edib ki, Azərbaycanda yalnız islam dini deyil, bütün səmavi dinlər qorunub saxlanılıb.
AMEA Tarix İnstitutunun direktoru sonda onu da urğulayıb ki, İslam dünyası, dünyanın bütün səmavi dinlərinin nümayəndələri vəhşiliyə qarşı birləşməlidir.  
Mürtəza
Gununsesi.info