“İslam NATO”su bölgədə əlavə gərginlik mənbəyi olacaq” - ELXAN ŞAHİNOĞLU

  • By admin
  • 22 May 2017 14:07

elxan sahinoglu

ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri və onun iştirakı ilə İslam dövlət başçılarının sammitinin keçirilməsi, oradakı çıxışı bu gün dünyada ciddi rezonansa səbəb olub. Demək olar ki, dünya mediası Trampın bu səfəri və gözləntilərinə geniş yer ayırıb. Trampın Səudiyyə Ərəbistanına səfəri və “İslam NATO”sunun yaradılması ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna müraciət etdik.

Gununsesi.info-ya açıqlama verən Elxan Şahinoğlu bildirib ki, bu səfər Trampın ABŞ prezident seçildikdən sonra ilk xarici səfəridir.

“Trampın bu səfərini Amerikanın xarici siyasəti baxımından uğurlu bir səfər kimi dəyərləndimək olar. Çünki bu səfər zamanı Amerika ilə Səudiyyə arasında yüz milyardlarla dollar həcmində silah satışı sahəsində kontrakt imzalanıb. Bu kontrakt  Amerika üçün böyük gəlir imkanları yaradacaq. İkincisi, Ağ Ev “İslam NATO”su yaratmaq təşəbbüsü ilə çıxış etmək istəyir ki, burada təkcə ərəb ölkələri deyil, digər müsəlman ölkələrinin də yer almasını istəyir”- deyə, E.Şahinoğlu vurğulayıb.

Politoloq əlavə edib ki, Tramp xarici siyasətdə müəyyən uğur əldə etsə də, daxili siyasətdə ciddi problemlərlə üzləşib, artıq onun impiçment məsələsi gündəmə gətirilir:  “Bu məsələdə təkcə müxalifət yox, eyni zamanda Trampın təmsil olunduğu Respublikaçılar Partiyasının da nümayəndələri aktiv iştirak edir”.

E.Şahinoğlu hesab edir ki, Tramp daxili siyasətindəki uğursuzluğunu ancaq xarici siyasətindəki uğurları ilə kompensasiya edə bilər: “Bu baxımdan Tramp Səudiyyə Ərəbistanından sonra İsrail və Fələstinə də səfər edəcək. Fələstin məsələsində hər hansı irəliləyişə nail olması, ona uğur gətirə bilər”.

Trampın Səudiyyə Ərəbistanına səfərinin əsas məqsədinin bir daha İrana qarşı blokun formalaşdırılmasının olduğunu deyən politoloq bildirib ki, bu səfəri Tramp və onun administrasiyasının bundan sonra İrana qarşı sərt siyasət yürüdəcəyinin göstəricisi kimi dəyərləndirmək olar: “Tramp və onun administrasiyasının bundan sonra Tehrana yönəlik siyasətində kəskinləşmənin şahidi olacağıq. Baxmayaraq ki, İranda   prezident seçkilərində növbəti dəfə liberal və islahatçı qüvvələr qalib gəldi, ancaq Tramp və onun komandası İranı özünün təhlükəsizliyinə təhdid, eyni zamanda Yaxın Şərqdə təhlükə mənbəyi hesab edir. Tehranın  bu fəaliyyəti eyni zamanda, ABŞ-ın müttəfiqləri olan Səudiyyəyə və İsrailə də ciddi problemlər yaradır. Tramp hesab edir ki, İranda liberal və islahatçılar qələbə çalsa da, bu ölkənin xarici  siyasətində söz sahibi mühafizəkarlardır. Ona görə də Ağ Ev Tehrana qarşı sərt siyasət kursunu davam etdirmək niyyətindədir”.

Bununla belə, politoloq qeyd edib ki, Tramp və onun komandasının xarici siyasətində hələ də qeyri-müəyyənliklər davam etməkdədir.

“İslam NATO”sunun yaradılmasına gəldikdə isə E.Şahinoğlu deyib ki, əgər belə bir  hərbi blok yaradılarsa, bu, bölgədə əlavə gərginlik mənbəyi olacaq. “ Necə deyərlər, bölgədəki vəziyyət daha da  gərginləşəcək və bölücülük xətti güclənəcək. Bununsa heç bir bölgə dövlətinə xeyri olmayacaq. Dialoq əvəzinə belə bir blokun yaranması bölgəyə sabitlik yox, gərginlik vəd edir. Belə bir blokun yardılmasının Azərbaycana da xeyri yoxdur. Baxmayaraq ki, Səudiyyə Ərəbistanı Azərbaycanın müttəfiqidir”- deyə, politoloq vurğulayıb.

Politoloq deyib ki, Azərbaycanla yanaşı bu tədbirə Türkiyə, Qazaxstan, Pakistan və digər qeyri-ərəb ölkələri dəvət alıb və iştirak edib: “Azərbaycanın bu sammitdə iştirak etməsi, hələ “İslam NATO”sunda iştirakı demək anlamına gəlməməlidir”.

Bununla belə E.Şahinoğlu bildirib ki, Azərbaycanın öz inkişaf və təhlükəsizlik maraqları var və o, maraqlara uyğun hərəkət etmək lazımdır: “Əgər Azərbaycanın təhlükəsizliyi baxımından bu qurum münasib olacaqsa, hansısa formada iştirakı ola bilər. Bu gün Azərbaycanla ərəb dünyası arasında çox sıx əlaqələr mövcuddur. Ölkəyə turistlər məhz bu ölkələrdən gəlir, iqtisadiyyata investisiyalar da məhz ərəb ölkələrindən gözlənildiyindən əlaqələrimizi daha da inkişaf etdirməliyik. Ola bilsin Azərbaycanın ərəb dünyası ilə əlaqələrinin daha da intensivləşdirməsi İranın xoşuna gəlməsin. Bu, onun öz işidir. Azərbaycan müstəqil dövlətdir və öz maraqları çərçivəsində gələcək inkişaf və təhlükəsizliklə bağlı xarici siyasətini formalaşdırmaq hüququna malikdir”.

Mürtəza

Gununsesi.info