“ABŞ ilə İran arasında əldə olunmuş İslamabad sazişinin faktiki olaraq qüvvədən düşməsi Yaxın Şərqdə yeni və daha təhlükəli mərhələnin başlanğıcından xəbər verir”.
Gununsesi.info bildirir ki, bu fikirləri siyasi şərhçi Mürtəza Bünyadlı deyib:

“Son günlər tərəflər arasında baş verən qarşılıqlı hərbi hücumlar, Vaşinqtonun İrana qarşı yenidən genişmiqyaslı zərbələrə başlaması, Tehranın isə buna cavab addımları atması göstərir ki, tərəflər arasında əldə edilmiş razılaşma artıq işlək mexanizm deyil.
Bu reallığı İranın özü də etiraf edir. İran xarici işlər nazirinin müavini bəyan edib ki, ABŞ-ın hücumları və dəniz blokadasını yenidən tətbiq etmək cəhdləri səbəbindən İslamabad sazişi faktiki olaraq qüvvədən düşüb.
Əslində isə bu nəticə gözlənilən idi. Çünki imzalanan razılaşma nə Vaşinqtonun, nə də Təl-Əvivin uzunmüddətli strateji maraqlarına tam cavab verirdi. Saziş sadəcə müvəqqəti gərginliyin azaldılması üçün əldə edilmiş taktiki razılaşma idi. Belə bir razılaşmanın uzunömürlü olmayacağı əvvəlcədən bəlli idi və onun pozulması üçün yalnız uyğun bəhanənin yaranması gözlənilirdi”.












