Bir sıra İslam ölkələrində İslam peyğəmbərinin, imamların və müqəddəslərin mövlud günləri qeyd olunur.
Son illərdə bu ənənə ölkəmizdə də geniş yayılıb.
Bəzi din alimləri vurğulayır ki, mövlud günlərinin qeyd edilməsinə dair heç bir ayə və hədisdə rast gəlinmir.
Mövzunu Gununsesi.info-ya şərh edən ilahiyyatçı Tural İrfan bildirib ki, İslam dinində mövlud və ya matəm günü kimi xüsusi ayinlərin tətbiq olunduğu əlamətdar gün yoxdur.
“Yalnız Qurban və Ramazan bayramı Peyğəmbərin əmrlərində var və müsəlmanlar ilk olaraq bu bayramları qeyd ediblər. Əks halda, minlərlə peyğəmbərin və səhabənin doğum və ölüm gününü qeyd etməyə ilin günləri yetməzdi. Peyğəmbərdən sonra müxtəlif səbəblərdən, bəzi günlər əlamətdar gün kimi qeyd olunmağa başladı.
Peyğəmbərə də mövlud keçirməyə başladılar. İslama görə, insanın cismani doğulması deyil, inancın, dinin doğulması əlamətdar sayılır. Bu, Peyğəmbərə peyğəmbərlik verildiyi və Quranın nazil olduğu gündür ki, bunu Allah Quranda qeyd edir. Bu gün Qədr gecəsi adlanır və Ramazan ayının tərkibindədir. Yəni, Peyğəmbərin mənən, ideoloji baxımdan doğulması məhz o gündür.
Beləliklə, dəqiq olmayan bir tarixdə xurafatlarla zəngin doğum günü qeyd etmək barədə bir dini vəzifə yoxdur. Peyğəmbər yeni adətlər, yeni ayinlər gətirməyi bidət adlandırıb və bunu yolverilməz hesab edib. Buna baxmayaraq, bu günlər qeyd olunur. Məsələn, peyğəmbərimiz Rəbiuləvvəl ayının 12 və ya 17-də doğulduğu barədə ixtilaf var. Əhli-sünnə hədislərinə görə, bu ayın 12-də, şiə hədislərinə görə isə 17-də doğulub. Bu səbəbdən, İranda “vəhdət həftəsi” adı ilə bu günləri qeyd etmək üçün 12-dən 17-ə qədər bir həftə müəyyən edilib. Müsəlmanlar yalnız bir həftə vəhdətdə olmalıdırlar?”, – deyə o əlavə edib.
İlahiyyatçı hesab edir ki, “Vəhdət həftəsi” məfhumu absurd bir ifadədir.
“Əgər insan Allahın əmri ilə vəhdətə gəlmirsə, Quranın əmri ilə birliyə gəlmirsə, bu həftə ərzində hansı vəhdətə nail ola bilər? Adını “vəhdət namazı” qoyub, birlikdə namaz qıldıqdan sonra, namazlarını yeniləyənlər hansı vəhdətdən danışır? Vəhdət, yalnız sözdə və görüntüdə deyil, əməldə, səmimi şəkildə olmalıdır. Müsəlmanlar təkcə mövlud həftəsində deyil, ilin bütün günlərində vəhdətdə olmağa, ixtilaf etməməyə və bir-birinə dəstək verməyə borcludurlar. Peyğəmbər buyurur ki, iman gətirmədən müsəlman olmazsınız. Bir-birinizi sevmədən də müsəlman olmazsınız. Peyğəmbərin doğum həftəsində guya vəhdətdə olub, qalan vaxtlarda da ixtilafa davam etmək hansı dinə uyğundur? İslam bunu demir”, – deyə o qeyd edib.
Tural İrfan əlavə edib ki, İslamda vəhdət bir həftəyə sığacaq qədər kiçildilmiş deyil.
“Vəhdət İslamın mahiyyətidir. Vəhdətdən uzaq düşən müsəlman deyil. Allah Quranda dəfələrlə ayrılmamağı, təriqət və məzhəblərə bölünməməyi qəti şəkildə əmr edir. Lakin müsəlmanlar Allahın bu əmrinə riayət etmirlər. Deməli, Allahın dediyi əsl müsəlman deyillər. Əksinə, vacib olan əmrləri kənara qoyub, mövlud, matəm kimi işlərlə məşğuldurlar. Xristianlıqda İsa peyğəmbərin mövludu adətindən keçərək, müsəlmanlar da bunu mənimsəyib. ‘Onlar keçirir, biz niyə keçirmirik’ deyirlər. Bəs, bu qədər inkişaf etmiş, müasir texnologiya və kəşflərin müəlliflərinin əksəriyyəti xristiandır. Belə elmi işlərdə niyə bəhsə girmirlər? Burada bir ziddiyyət, ilahi məsuliyyətdən yayınma var. İmamlara da mövlud keçirirlər, amma onların elmi, əxlaqı, mənəvi və mədəni irsini yaşamırlar, yaşatmaqdan isə uzaqdılar”, – ilahiyyatçı bildirib.
T.İrfan qeyd edib ki, İslamın öz dəyərlərini, vacib olan əmrlərini kənara qoyub, adət və ənənələri mənimsəmək İslam deyil.
“Peyğəmbərin yolunu, əmrlərini yaşamaq və yaşatmaq lazımdır. Şübhəsiz ki, o sağ olsaydı, mütləq bu mövlud ənənəsini qadağan edərdi. O, sağlığında özündən əvvəlki peyğəmbərlərin, oğul-uşağının doğum və ölüm gününü qeyd etməyib, bunu da tövsiyə etməyib. Nə Əhli-Beytin, nə də əshabın adətində belə bir şey yoxdur. Vəhdətə gəldikdə isə müsəlmanların bir həftəsi yox, bütün ömrü vəhdət içində keçməlidir” – deyə o, fikirlərini yekunlaşdırıb.
Şəbnəm Rəhimova
Gununsesi.info