Sosial şəbəkədə paylaşdığı təhqiramiz şəriət paylaşımı ilə bağlı istintaqa cəlb edilən türkiyəli vəki Feyza Altuna qarşı ittiham irəli sürülüb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddianamədə Altunun “ictimaiyyəti açıq şəkildə nifrət və düşmənçiliyə sövq etmək” maddəsi ilə 3 ilə qədər həbs olunması istənilib.
Beykoz Cümhuriyyət Prokurorluğunun hazırladığı iddianamədə Altunun “X” sosial media hesabında şəriətlə bağlı paylaşımına görə barəsində istintaq başladıldığı xatırladılıb.
İddianamədə Türk Dil Qurumuna görə, şəriətin “İslam qanunu, Quran ayələri və Hz.Məhəmməd peyğəmbərin sözlərinə əsaslanan İslam hüququ” kimi təyin edildiyi bildirilib.
İddianamədə istintaq çərçivəsində ifadəsi alınan Altun sözügedən paylaşımı etdiyini etiraf edib, lakin şəriətin din olmadığını, siyasi rejim olduğunu, dini inancı təhqir etmədiyini bildirib. Altun ona qarşı irəli sürülən ittihamı qəbul etməyib.
Yaydığı paylaşımdan sonra istintaqa cəlb edilən vəkil Feyza Altun fevralın 19-da saxlanılıb. Polis bölməsindəki əməliyyatlardan sonra ertəsi gün Beykoz Ədliyyəsinə sövq edilən Altun həbs olunması tələbi ilə Sülh Cəza Məhkəməsinə göndərilib. Hakim Altunun “xaricə getməsinə qadağa” və “həftədə 2 gün polis bölməsində imza atmaq” kimi məhkəmə nəzarəti tədbirləri çərçivəsində azadlığa buraxılmasına qərar verib.
Gununsesi.info