İsmayıl Alper Coşqun azərbaycanlı işçilərini niyə məyus edib? -TÜRK SƏFİRLİYİNDƏ AYRI-SEÇKİLİK

  • By admin
  • 23 Sentyabr 2016 08:53

ismayil

Artıq fəaliyyət müddətini başa vuran Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bir neçə gün sonra ölkəmizi tərk edir. Qeyd edək ki, ötən illər ərzində Azərbaycanda səfir kimi çalışan türk diplomatlarının səlahiyyət müddəti ilə əlaqədər geri dönməsi Bakıdakı səfirlikdə çalışan personalı üzüntüyə qərq edib. Belə ki, bütün türk səfirləri öz ölkəsindən olanlarla bərabər azərbaycanlı işçiləri arasında heç bir fəqr qoymayıb. Səfirlikdə yaradılan ab-hava orada çalışanları həm də bir ailəyə çevirib.

Ancaq təəssüf ki, eyni fikirləri Cənab İsmayıl Alper Coşqun barəsində söyləmək mümkün deyil. Belə ki, səfir kimi fəaliyyətə başladığı dönəmdən işçilərə münasibətdə və inzibati məsələlərdə ciddi dönüşlər yaradan səfir azərbaycanlı heyətə layiq olmadıqları münasibəti sərgiləyib. Türkiyənin Bakıdakı səfirliyində çalışan şəxslərin bildirdiyinə görə, İsmayıl Alper Coşqun onlara səfirliyə gələn kənar şəxs kimi yanaşıb. Türkiyə vətəndaşlarından fərqli olaraq, səfirlikdə çalışan azərbaycanlılar hər dəfə işə gələrkən qapıda ciddi yoxlamalara məruz qalıb. İclaslarda azərbaycanlı işçilərin fəaliyyətində hər zaman tənqid axtaran, səfir ötən illər ərzində onlarla bürokrat kimi davranıb. Səfirlikdə uzun illərdən bəri çalışan azərbaycanlılar yeni qaydaları çətinliklə də olsa həzm edə biliblər.  Türkiyə və Azərbaycan vətəndaşları olan səfirlik işçisinin eyni vaxtda hanısa bir tədbirdən səfirliyə dönən zaman birinin sərbəst keçişini, digərinin isə qapıda dəqiqələrlə ləngidilməsini təsəvvür etmək oradakı mənzərəni ortaya qoyur.

Odur ki, Hulisi Kılıc və ondan öncə çalışan səfirlərin getməsinə  üzülən azərbaycanlılar İsmayıl Alperin gedişini sevinclı qarşılayırlar. Onlar ümid edir ki, Azərbaycana gələcək yeni türk səfiri ismayıl Alper Coşqunun yaratdığı bu ayrı-seçkiliyi aradan səfirlikdəki mühiti dəyişəcək.

 

Gununsesi.info