“Proqnozlaşdırdığım kimi, İrana hücum olmadı. Bu isə o deməkdir ki, növbəti beş gün ərzində müharibə ehtimalı yoxdur. Müharibənin başlanma riski növbəti şənbə günü yarana bilər”.
Gununsesi.info bildirir ki, bu fikirləri siyasi şərhçi Asif Şəfəqqətov deyib:

“Çünki Tramp adətən bütün riskli əməliyyatlarını birjalar iki günlük istirahətə çıxandan sonra başladır və maksimum iki gün ərzində bitirməyə çalışır ki, birjalar fəaliyyətə başlayanda hər şey qaydasında olsun, milyarder dostları və sponsorları itki verməsinlər.
İran ABŞ üçün həyati təhlükə daşımır. Buna görə də Trampın İranla müharibəyə girməklə böyük riskə getməsinə real zərurət yoxdur. Lakin İranın ram edilməsi ABŞ üçün Çinin və Rusiyanın supergüc iddialarını boğmaq və yeganə supergüc kimi qalmaq baxımından strateji əhəmiyyət daşıyır. Elə bu səbəbdən də Rusiya və Çin İrana hər cür dəstək verməyə məhkumdurlar və bunu gizlətmirlər.
Rusiya və Çin İrana ən müasir HHM və REM sistemləri, hərbi aviasiya, hipersonik ballistik raketlər, gəmi əleyhinə torpedolar, peyk siqnallarını bloklayan qurğular, həmçinin “hərbi məsləhətçi” adı altında texnikanı birbaşa idarə edən hərbçilər göndəriblər. Çünki bu texnikanı idarə edə bilən İran mütəxəssislərinin hazırlanması illər çəkə bilər.
İsrail üçün isə İranla müharibə son dərəcə vacibdir. İsrail anlayır ki, ABŞ-ı İranla müharibəyə cəlb etmək üçün onun maksimum may ayına qədər vaxtı var — maydan sonra bu, faktiki olaraq mümkün olmayacaq. Payızda İsraildə Knessetə seçkilər keçiriləcək. Bu mövzu barədə daha əvvəl ətraflı yazdığım üçün təkrara varmayacağam.
Lakin 12 günlük müharibə İsraili ciddi şəkildə qorxudub. İsrailin İran raketlərinə qarşı etibarlı müdafiə sistemi yoxdur”.
Siyasi şərhçi bildirib ki, bu müharibə İranın hədəfləri yüksək dəqiqliklə vura bilən hipersonik raketlərə malik olduğunu nümayiş etdirdi və hətta ABŞ-ın ən müasir hava hücumundan müdafiə sistemi olan THAAD belə bu raketlər qarşısında aciz qaldı:
“Bu isə o deməkdir ki, İsrail müharibəyə birbaşa girə bilməz.
Məhz buna görə İsrail bütün kanallarla İrana mesaj ötürür ki, növbəti müharibədə iştirak etməyəcək. İsrail istəyir ki, mümkün müharibəni yalnız ABŞ (və digər ölkələr) aparsın. Əlbəttə, müharibə başlayarsa, İsrail prosesdə iştirak edəcək, lakin guya ABŞ əsgərləri kimi — ABŞ təyyarələrində uçaraq — vuruşacaq ki, İranın İsrailə zərbə endirməsi üçün formal əsas yaranmasın.
İran isə bu hiyləni yaxşı başa düşür və əvvəlcədən bəyan edib ki, zərbənin kim tərəfindən endirilməsindən asılı olmayaraq, onun ilk hədəfləri sırasında İsrail də olacaq. Çünki İran anlayır: ABŞ onunla təkbaşına müharibəyə girsə belə, buna təhrik edən əsas qüvvə İsraildir. Tramp məcbur qalmasa, belə bir riskə getməz”.
Günay












