İsrail “Eurovision”dan xaric edilə bilər

  • By admin
  • 02 Fevral 2024 09:00

Podemos Partiyası İspaniya parlamentinə, Xarici İşlər Nazirliyinə və İspaniya Dövlət Radio və Televiziya Korporasiyasına (RTVE) müraciət edərək, İsraili “Eurovision”dan qovmaq təşəbbüsü ilə çıxış etməyi xahiş edib.

Gununsesi.info-nun xəbərinə görə, İspaniya parlamentinə bununla bağlı təklif təqdim edən Podemos bildirib ki, Xarici İşlər Naziri Xose Manuel Albares “açıq və qəti mövqe tutmalı, digər Avropa İttifaqı (Aİ) ölkələri ilə məsləhətləşmələr aparmalı, Qəzzada dinc əhaliyə qarşı ayrı-seçkilik etmədən hücumlar həyata keçirən İsrailin “Eurovision”dan xaric edilməsində israrlı olmasını istəyib.

Podemos təklifində Rusiyanın 2022-ci ildə Ukraynanı işğal etdiyi üçün Eurovision-dan kənarlaşdırıldığı kimi, İsrailin də Fələstini işğal etdiyinə görə indi bu təşkilatdan kənarlaşdırılmalı olduğunu vurğulayıb.

Podemos həmçinin qeyd edib ki, dövlətə məxsus RTVE təşkilatı İsraili kənarlaşdırmaq üçün Eurovision-a təzyiq göstərməli və “Beynəlxalq Ədalət Məhkəməsinin yəqin ki, soyqırıma görə məsuliyyət daşıdığı bir dövlətə bəraət qazandırmağa kömək etməməyi” xahiş edib.

Podemos lideri İone Belarra mövzu ilə bağlı verdiyi açıqlamada, “Fələstin xalqına qarşı soyqırımı dayandırmaq üçün təzyiq tədbiri olaraq İsrailə hər cür beynəlxalq fəaliyyət qadağan edilməlidir. Bütün ölkələr İsrailin Eurovisiondan çıxarılmasını tələb etməlidir” deyib.

İrlandiya kimi bəzi ölkələrin sənətçiləri və siyasətçiləri də İsrailin mayın 7-11-də İsveçin Malmö şəhərində keçiriləcək Eurovision Mahnı Müsabiqəsində iştirakının qarşısının alınmasını tələb edirlər.

Gununsesi.info