
Aylardır Qəzzanı bombalayan İsrail bu gün səhər Dəməşqi vurub. Hücum zamanı İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 4 hərbçisinin həyatını itirdiyi bildirilib.
Gununsesi.info xəbər verir ki, Suriya dövlət mediası İsrailin bu səhər Dəməşqdə bir binanı vurduğunu açıqlayıb. İsrailin Mezze qəsəbəsini vurması nəticəsində bölgədə çoxlu partlayışların olduğu qeyd edilib.
“Reuters”ə danışan Suriya hökumətinə yaxın mənbə bildirib ki, hücum nəticəsində SEPAH-ın 4 üzvü həlak olub, digərləri isə yaralanıb. Suriya ordusuna məsləhət verən İran rəsmilərinin istifadə etdiyi binanın tamamilə dağıdıldığı, ölənlər arasında yüksək rütbəli İran rəsmisinin də olduğu bildirilib.
2011-ci ildə müharibə başlayandan sonra İsrail vaxtaşırı Suriyada ordu və İrana bağlı qrupları hədəf alan hücumlar həyata keçirir. Dəməşq və Hələb hava limanları, əsasən, hərbi hədəflərə edilən hava hücumları səbəbindən əvvəllər bir neçə dəfə bağlanmışdı.
Gununsesi.info