
İsrail ordusu blokadada olan Qəzza zolağında minlərlə xəstə və mülki şəxsin yerləşdiyi Şifa xəstəxana kompleksinin girişinə hücum edib.
Gununsesi.info xəbər verir ki, İsrail ordusunun Şifa xəstəxana kompleksinin giriş hissəsini atəşə tutması nəticəsində hücum nəticəsində 13 nəfər ölüb, 26 nəfər yaralanıb.
İsrailin xəstəxananın girişinə hücumu yaralıları müalicə üçün Misirə aparan təcili yardım karvanının yola düşmək üzrə olduğu vaxta təsadüf edib.
Hücum nəticəsində yaralıları daşıyan təcili yardım maşınlarına ciddi ziyan dəyib.
Qəzzanın səhiyyə nazirliyi verdiyi yazılı açıqlamada, İsrail ordusunun Qəzzada Şifa, Əl-Qüds və İndoneziya xəstəxanalarının ətrafını atəşə tutduğunu bildirib.
Açıqlamada hücumlar nəticəsində ölən və yaralananların olduğu qeyd edilib.
Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra Şifa xəstəxanasında mətbuat konfransı keçirib.
İsrailin tibb işçilərini hədəf aldığını ifadə edən o, “İsrail cənubdan Rəfah sərhəd keçid məntəqəsinə doğru hərəkət edən təcili yardım karvanını hədəf aldı. Hücum nəticəsində ölən və yaralananlar var”.
İsrail ordusunun sahil yolunun Rəşid küçəsində iki fərqli nöqtədə də təcili yardım maşınlarını hədəf aldığını əlavə edən sözçü, təcili yardım maşınlarının yaralıları Rəfah sərhəd keçid məntəqəsinə daşıdığını qeyd edib.
Qəzzanın səhiyyə nazirliyi daha əvvəl verdiyi açıqlamada çoxlu sayda yaralının Misirə tibbi yardım üçün təcili yardımla ölkənin cənubundakı Rəfah sərhəd keçid məntəqəsinə göndəriləcəyini bildirmişdi.
Gununsesi.info