“İsrailin Qəzza zolağının Xan Yunus qəsəbəsindəki Nasser xəstəxanasının ərazisini “hərbi kazarma”ya çevirməsi müharibə cinayətidir”.
Gununsesi.info xəbər verir ki, bu barədə Qəzza hökumətinin mətbuat xidmətinin məlumatında deyilir.
Məlumata görə, İsrail hərbçiləri tibb müəssisəsində mülki şəxsləri fiziki xəsarətlə hədələyib. Bundan əlavə, əsgərlər onların yemək və su əldə etmələrinə mane olub, körpələr isə süddən məhrum olublar.
“Nasser xəstəxanasına hərbi güclə hücum və onun ələ keçirilməsi müharibə cinayətidir və insanlıq üçün rüsvayçılıqdır. İşğalçı İsrail ordusu tanklar, pilotsuz təyyarələr və ağır silahlarla Nasser xəstəxanasına hücum edib. Əsgərlər orada sığınan mülki əhaliyə və tibb işçilərinə atəş açıblar. Bu, beynəlxalq hüquqa zidd hərbi cinayətdir”, – məlumatda deyilir.
İsrail hərbçilərinin yüzlərlə xəstəxana xəstəsinin müalicəsinin qarşısını aldığı qeyd edilir.
Yanvarın 22-dən İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinə havadan və artilleriyadan irimiqyaslı zərbələr endirir.
Gununsesi.info