
İsrail ordusu oktyabrın 26-na keçən gecə blokadada olan Qəzza zolağının şimal hissəsində tankların cəlb olunduğu “məqsədli əməliyyat” elan edib.
Gununsesi.info xəbər verir ki, İsrail ordusunun məlumatında İsrail qüvvələri Qəzzanın şimalında hücumların növbəti mərhələlərinə (quru əməliyyatına) hazırlıq məqsədilə “tədbirlər” keçirdiyi bildirilib.
Məlumatda qeyd olunur ki, İsrail tankları Qəzzanın şimalında HƏMAS-ın döyüş qanadı İzzəddin əl-Qəssam Briqadalarının bir çox hədəfini vurub.
Hazırda İsrail hərbçiləri bölgəni tərk edərək, İsraildəki mövqelərinə qayıdıblar.
İsrail ordusunun yaydığı videoda buldozerlərin müşayiəti ilə tankların Qəzza zolağı ilə sərhəddə İsrailin inşa etdiyi hasarlardan keçərək bölgəyə daxil olduğu əks olunub.
Gununsesi.info