İsrail ordusu: Qəzzaya hava hücumlarında 1000 tondan çox partlayıcıdan istifadə edilib

  • By admin
  • 09 Oktyabr 2023 14:34

Oktyabrın 7-dən İsrail Hərbi Hava Qüvvələri blokadada olan Qəzza zolağına hava zərbələri zamanı 1000 tondan çox partlayıcıdan istifadə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında ​​deyilir.

Məlumata görə, dünən axşamdan etibarən onlarla döyüş təyyarəsinin iştirakı ilə eksklav ərazisinə dörd hava zərbəsi endirilib. Ordunun mətbuat xidmətinin məlumatına görə, hava zərbələri zamanı 800-dən çox hədəf vurulub.

Qəzzanın şərqindəki Beyt Hanun və Şuqayi bölgəsində HƏMAS mövqeləri, həmçinin Cəbəliyədəki hərbi obyektlər və məscid atəşə tutulub.

Məlumatda qeyd olunur ki, oktyabrın 7-dən bəri İsrail Baş Qərargah rəisi Herzi Halevi ABŞ Mərkəzi Komandanlığının (Centcom) nümayəndələri ilə iki dəfə görüşərək, İsraili dəstəklədiklərini vurğulayıblar.

Oktyabrın 7-də səhər saatlarında “İzzəddin əl-Qəssam” briqadasının HƏMAS hərbi qanadı İsrailə qarşı “Əl-Əqsa tufanı” əməliyyatının başladığını elan edib. Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub.

Öz növbəsində İsrail ordusu onlarla döyüş təyyarəsindən istifadə edərək, Qəzza zolağına hücumlara başladığını elan edib.

Qəzzanın Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində 91-i uşaq olmaqla 490-dan çox insanın öldüyünü, 2750-dən çoxunun isə yaralandığını bildirib.

Bundan əlavə, oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahilində İsrailin atdığı atəş nəticəsində 15 fələstinli həlak olub.

İsrail mediası həmçinin 700 nəfərin öldüyünü və 2300-dən çox israillinin yaralandığını bildirib.

Səid Əhmədli
Gununsesi.info