İsrail ordusu mühasirəyə alınmış Qəzza zolağının ən cənub yaşayış məntəqəsi olan və bir milyondan çox məcburi köçkün fələstinlinin sığınacaq tapdığı Rəfah şəhərinə “evakuasiya” və hücumlar planını Hərbi Nazirlər Kabinetinə təqdim edib.
Gununsesi.info xəbər verir ki, İsrail hökuməti başçısının administrasiyasının məlumatına görə, plan fevralın 25-də axşam təqdim edilib.
“İsrail ordusu Qəzza zolağındakı döyüş bölgələrindən insanların təxliyəsi və qarşıdan gələn əməliyyatla bağlı planı Döyüş Nazirlər Kabinetinə təqdim edib”, – məlumatda deyilir.
Bölgənin adı dəqiqləşdirilməsə də, İsrail mediası yazır ki, söhbət Rəfaha hücum və oraya sığınan fələstinlilərin təxliyyə edilməsi planından gedir.
Bundan əlavə, İsrail baş nazirinin administrasiyası Hərbi Nazirlər Kabinetinin “Qəzza zolağına humanitar yardım göstərilməsi planını” təsdiqlədiyini bildirib.
Fevralın 9-da İsrailin baş naziri Benyamin Netanyahu orduya Rəfahın “evakuasiyası” və bölgəyə hücumlar planını Hərbi Nazirlər Kabinetinə təqdim etməyi tapşırıb.
Misirlə həmsərhəd olan Rəfah şəhərində İsrailin 7 oktyabr 2023-cü il hücumlarından əvvəl təxminən 280 min fələstinli yaşayırdı. Hücumlar başlayandan bəri təxminən 2,3 milyon əhalisi olan Qəzza zolağında 1,9 milyon fələstinli didərgin düşüb, böyük əksəriyyəti İsrailin daha əvvəl “təhlükəsiz zona” elan etdiyi Rəfaha qaçıb.
Beləliklə, Rəfahın əhalisi 5 dəfə artaraq 1,5 milyon nəfərə çatıb. Köçkünlər ərzaq, təmiz içməli su, yanacaq və dərman çatışmazlığı şəraitində yaşamağa, sığınacaq kimi brezentdən və plastikdən bərbad vəziyyətdə olan çadırlar tikməyə məcbur olurlar.
Şəhər tez-tez İsrail ordusunun hava hücumlarına məruz qalır. Şəhərə genişmiqyaslı hücumlar olacağı təqdirdə yüz minlərlə fələstinlinin qaçmağa yeri qalmayacaq.
Gununsesi.info