İsrail Prezidenti səviyyəsində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ilk rəsmi səfər başlayıb.
Gununsesi.info xəbər verir ki, Əbu-Dabi hava limanında İsrailin dövlət başçısı İsaak Hersoqu BƏƏ-nin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyan qarşılayıb.
“Əl Ərəbiyə” telekanalının məlumatına görə, İsrail Prezidentin olduğu təyyarə Səudiyyə Ərəbistanı üzərindən uçarkən İsaak Hersoq özünün Tvitter hesabında aşağıdakı fikirləri paylaşıb:
“Hazırda Səudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik əlaqələr olmasa da, biz tezliklə İslamın iki müqəddəs şəhərinin sahibi olan krallıqla bu münasibətləri yaradacağımıza ümid edirik”.
Səfər ərəfəsində Yaxın Şərq regionunda sülhün və təhlükəsizliyin bərqərar olması və ərəb dünyası ilə əlaqələrin möhkəmlənməsi istiqamətində səylərin artırılacağı mesajını verən İsrail Prezidenti əlavə edib ki, bu məsələləri BƏƏ-nin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed ilə müzakirə edəcək.
Qeyd edək ki, ötən ilin dekabrında İsrailin Baş naziri Naftali Bennett də BƏƏ-yə səfər etmişdi. Bu yaxınlarda isə rəsmi Təl-Əviv terrorizmə qarşı mübarizədə Əbu-Dabiyə öz dəstəyini təklif edib.
Gununsesi.info