İsrail Qəzzada hərbi əməliyyatların “üçüncü mərhələsinə” başladığını elan etdi

  • By admin
  • 04 Yanvar 2024 16:25

İsrail ordusu blokadada olan Qəzza zolağının bir sıra bölgələrində hərbi əməliyyatların “üçüncü mərhələsinə” başlayıb.

Gununsesi.info xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, üçüncü mərhələyə az sayda hərbçi cəlb olunub.

Telekanal xəbər verir ki, Qəzza şəhərinin şərqindəki Əd-Dərəc və Ət-Tuffah bölgələrində intensiv hərbi əməliyyatlar gələn həftənin əvvəlində başa çatacaq.

Bundan əvvəl İsrail ordusunun radiostansiyası son bir neçə gündə Fələstin anklavında İsrail hərbçilərinin sayının azaldığını bildirib.

İsrail mediasının məlumatına görə, “üçüncü mərhələ” intensiv bombardmanlardan məhdud bombardmana keçidi və qoşunların əksəriyyətinin Qəzza zolağından sərhədə çıxarılmasını nəzərdə tutur.

İsrail ordusu “üçüncü mərhələ”yə keçidlə bağlı rəsmi açıqlama verməyib. Bununla belə, İsrailin Qəzza zolağındakı hərəkətlərini, o cümlədən qoşunların ixtisarını nəzərə alaraq demək olar ki, nəzərdən keçirilən mərhələ artıq başlayıb.

Oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadaları İsrailə qarşı “Əqsa tufanı” əməliyyatının başladığını elan edib.

Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub. HƏMAS bildirib ki, əməliyyat işğal altındakı Şərqi Qüdsdə Əl-Əqsa məscidinə hücuma və İsrailin fələstinlilərə qarşı artan zorakılığına cavabdır.

Buna cavab olaraq İsrail ordusu Qəzza zolağında onlarla döyüş təyyarəsindən istifadə etməklə HƏMAS-a qarşı “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib və bu, daha sonra Qəzza əhalisinin qətliamına çevrilib. Oktyabrın 27-də İsrail ordusu Qəzzada quru əməliyyatlarına başlayıb.

Hazırda eksklavda İsrailin hücumları nəticəsində ölənlərin sayı 22,3 min nəfəri keçib ki, onların da əksəriyyəti qadın və uşaqlardır. Fələstin anklavının 57 mindən çox sakini yaralanıb.

Qəzzanın 2,3 milyon sakini İsrailin havadan, qurudan və dənizdən kütləvi bombardmanları və eksklavın tam blokadası səbəbindən qida, su və dərman çatışmazlığından əziyyət çəkir.

Xəstəxanalar, məscidlər və kilsələr də daxil olmaqla minlərlə bina da İsrailin hava və qurudan hücumları nəticəsində zədələnib və ya tamamilə dağılıb.

İsraildə ölənlərin sayı 1200-ə yaxındır.

Gununsesi.info