İsrail Qəzzada tarixi məscidləri, kilsələri və muzeyləri hədəfə alır – FOTO

  • By admin
  • 08 Dekabr 2023 14:39

İsrail oktyabrın 7-də Qəzza zolağına başladığı hücumlarda birbaşa Fələstinin mədəni irsini hədəfə alıb və onlarla tarixi tikili dağıdılıb.

Gununsesi.info xəbər verir ki, İsrailin 2 ay ərzində blokadada olan Qəzza zolağında həyata keçirdi hücumlarda yaşayış məntəqələri, xəstəxanalar, məktəblər, məscidlər və kilsələr də daxil olmaqla, 7 min 112-si uşaq, 4 min 885-i qadın olmaqla ümumilikdə 16 min 248 fələstinli həlak olub, 43 mindən çox insan isə yaralanıb.

Qəzza zolağı tarixi Fələstin ərazilərində xristianlığın ən qədim dini strukturlarına, eləcə də İslam abidələrinə ev sahibliyi edir.

İsrail təyyarələri sonuncu dəfə bu gün Qəzzanın Köhnə Şəhərindəki tarixi Osman bin Kaşkar məscidini hədəfə alıb. 1223-cü ildə inşa edilən və Qəzzanın ən qədim tikililərindən biri olan məscidə edilən hücumda onlarla insan yaralanarkən, tarixi binaya ziyan dəyib.

İsrail ordusu oktyabrın 7-dən Qəzza zolağı boyunca 9 nəşriyyat və kitabxananı dağıdıb. Köhnə Şəhər ərazisində 21 mədəniyyət mərkəzi, 3 incəsənət və istehsalat studiyası və 20 tarixi bina, o cümlədən məscidlər, kilsələr və muzeylər qismən və ya tamamilə dağıdılıb.

Fələstin Mədəniyyət Nazirliyi və rəsmi xəbər agentliyinin mənbələrindən topladığı məlumata görə, İsrailin hücumları nəticəsində dağıdılan görkəmli tarixi və mədəni tikililər bunlardır:

Böyük Ömər məscidi

Qəzzanin tarixi Köhnə Şəhərində yerləşən və bölgənin ən qədim və ən böyük məscidi olan Böyük məscidinin tarixi xristianlıq və İslamdan əvvələ gedib çıxır. Tarixi Fələstin torpaqlarında yerli dinlər üçün məbəd olaraq tikilən bina 5-ci əsrdə bizanslılar tərəfindən kilsəyə çevrilibvə İslam xəlifəsi Hz. Ömərin dövründə məscidə çevrilib.

Məşhur səyyah İbn Battutanın “estetik məscid” kimi təsvir etdiyi məscidin 1400 illik minarəsi İsrail bombardmanları nəticəsində dağıdılıb, məscidin bir hissəsi də zədələnib.

Müqəddəs Porfiri kilsəsi

Qəzza şəhərinin cənubundakı Zeytun rayonunda yerləşən və 4-cü əsrdə inşa edilən Müqəddəs Porfir Rum Pravoslav Kilsəsi “dünyanın üçüncü ən qədim kilsəsi” kimi tanınır.

Yüzlərlə köçkün xristianın Qəzzada sığındığı kilsə İsrailin bombardmanları nəticəsində dağıdılıb. Hücumda kilsəyə sığınan 18 qəzzalı xristian həyatını itirib. Qüdsdəki Anqlikan Kilsəsinə bağlı Müqəddəs Porfirius Rum Ortodoks Kilsəsi İsrailin oktyabrın 17-də yüzlərlə insanın ölümünə səbəb olan bombaladığı Əl-Ehli Baptist Xəstəxanasına təxminən 250 metr məsafədə yerləşir.

Rəfah Muzeyi

Qəzza zolağının cənubunda yerləşən və tarixi əsərlərə və mədəniyyət mərkəzinə ev sahibliyi edən Rəfah Muzeyi oktyabrın 11-də İsrailin hava hücumu nəticəsində dağıdılıb. Muzeydəki sikkələr, mis və saxsı əşyalar kimi “qiymətsiz” tarixi əsərlər dağıntılar altında qalıb.

Muzey direktoru Dr. Süheyla Şahin söküldükdən sonra sosial media hesabında yazdığı paylaşımda “Böyük zəhmətlə qurulan muzeydə daş daş üstündə qalmayıb” deyib.

Zəfər əd-Dəmri məscidi

Qəzzanın Şücayyə rayonunda yerləşən və 1360-cı ildə tikilmiş Zəfər əd-Dəmri məscidi Qəzza zolağında aparıcı tarixi binalardan biri olub. İsrailin bombardmanları nəticəsində məscid tamamilə dağıdılıb. 2014-cü ildə İsrailin Qəzzaya endirdiyi hava hücumlarında da hədəf alınan məscid böyük ziyan görüb, 2015-ci ildə isə memarlıq orijinallığına uyğun ciddi şəkildə bərpa olunub.

Bizans kilsəsi

Qəzza zolağının şimalındakı Cibaliye qəsəbəsindəki Bilad əl-Şam bölgəsindəki ən qədim kilsələrdən biri olan Bizans kilsəsi eramızın 5-ci əsrində inşa edilib. Kilsə İsrailin bombardmanları nəticəsində tamamilə dağıdılıb.

Müqəddəs Hilarius monastırı

Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Bələh şəhərində yerləşən və “Xızır türbəsi” də adlandırılan tarixi bina, Bizans dövründə Müqəddəs Hilarius (278-372-ci illər) tərəfindən Fələstində tikilmiş və ölümünə qədər yaşadığı ilk xristian monastırıdır. İsrail ordusunun hava hücumları zamanı bir hissəsi bombalanan tarixi bina Fələstində hələ də dayanan ən qədim monastır olub.

Gununsesi.info