İsrail hakimiyyəti Qəzza zolağının ölkədə işləyən 100-dən çox sakinini İsraildən çıxarmaq qərarına gəlib.
Gununsesi.info xəbər verir ki, miqrant işçilər işğal altındakı İordan çayının qərb sahilindəki Ramallah şəhərinə göndərilib.
“Anadolu” agentliyinin əməkdaşı onlardan biri – Məhəmməd Tenira ilə danışıb. Onun sözlərinə görə, ötən gün səhər saatlarında İsrail hərbçiləri onların iş yerlərinə soxularaq onları döyüb avtobuslara mindirərək, Ramallah yaxınlığındakı əraziyə göndəriblər.
Fələstin Əmək Nazirliyinin məlumatına görə, təxminən 18,5 min fələstinlinin İsraildə işləmək icazəsi var.
Oktyabrın 7-də səhər saatlarında İzzəddin əl-Qəssam briqadasının HƏMAS hərbi qanadı İsrailə qarşı “Əl-Əqsa tufanı” əməliyyatının başladığını elan edib. Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub.
Öz növbəsində İsrail ordusu onlarla döyüş təyyarəsindən istifadə edərək Qəzza zolağına hücumlara başladığını elan edib.
Qəzzanın Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində 91-i uşaq olmaqla 490-dan çox insanın öldüyünü, 2750-dən çoxunun isə yaralandığını bildirib.
Bundan əlavə, oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahilində İsrailin atdığı atəş nəticəsində 15 fələstinli həlak olub.
İsrail mediası həmçinin 800-dən çox israillinin öldüyünü və 2300-dən çoxunun yaralandığını bildirib.
Səid Əhmədli
Gununsesi.info