İsrail qaçqın düşərgələrini bombaladı – Çoxlu sayda ölü və yaralı var

  • By admin
  • 07 Dekabr 2023 12:33

İsrail Hərbi Hava Qüvvələri gecə ərzində blokadada olan Qəzza zolağında qəsəbələrə və qaçqın düşərgələrinə hava zərbələri endirib, çoxlu sayda ölü və yaralı var.

Gununsesi.info xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, Qəzza zolağına genişmiqyaslı hücumların 62-ci günündə İsrail ordusu mərkəzi hissədə yerləşən Əl-Nuseyrat və Əl-Meqazi qaçqın düşərgələrinə, şimaldakı Cebaliya qaçqın düşərgəsinə zərbələr endirməyə davam edib.

İsrail qırıcılarının Əl-Meqazi düşərgəsində bir fələstinli köçkünün evinə zərbələr endirməsi nəticəsində əksəriyyəti uşaq olmaqla azı 17 nəfər həlak olub, onlarla insan yaralanıb. Partlayış dalğası yaxınlıqdakı evlərə ziyan vurub.

Əl-Nuseyrat düşərgəsində də yaşayış binasına hava zərbələri endirilib, nəticədə 4 fələstinli həlak olub.

Qəzza zolağının şimalındakı Cəbəliyə düşərgəsində isə İsrail aviasiyası Fələstinli Usfur, Ən-Nəccar, Əbu əl-Asel və Uveyda ailələrinin evlərini, həmçinin Əl-Xulefa məscidinin ətrafını və İsrail hərbçiləri Əbu Hüseyn məktəbinin binasını vurub artilleriya atəşinə tutublar.

İsrail Hərbi Hava Qüvvələri anklavın cənubundakı Rəfah şəhərindəki Şabura qaçqın düşərgəsindəki evə də zərbələr endirib: azı 6 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Xan Yunusun şərq rayonlarından birində yaşayış binaları, əkin sahələri və quyular İsrail aviasiyası və artilleriya bölmələrinin hədəfinə çevrilib. Səhər tezdən Nasser xəstəxanasına yaralılar və meyitlər daxil olur.

Gununsesi.info