İsrailin Azərbaycandakı səfiri Corc Dik “Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinə müsahibə verib.
Gununsesi.info–mnun xəbərinə görə, səfir müsahibəsində İsrail Həmas müharibəsi haqqında danışıb.
İsrailin Azərbaycandakı səfirliyi diplomatik fəaliyyətində təhlükəsizlik məsələləri haqqında danışan səfir deyib ki, onlar fəaliyyətini davam etdirir, konsulluq və digər xidmətləri göstərirlər: “İsrail də daxil olmaqla, bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyinə cavabdeh olan Azərbaycan hökumətilə tam əməkdaşlığımız var”.
Səfir cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən azərbaycanlıların oktyabrın 7-də HƏMAS terror hücumu nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq İsrail səfirliyinə gül gətirməsindən təsirləndiyini bildirib.
“Davamlı sülhün əldə edilməsinə mane olan əsas səbəblər hansılardır” sualın cavabında səfir deyib ki, hazırda Yaxın Şərqdə bir neçə il əvvəlkindən daha çox sülh var. “İndi bizim İordaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş və Sudanla sülhümüz var. Bu, cəmi bir neçə il əvvəl xəyal kimi səslənərdi və bu, “İbrahim sazişi” (2020-2021-ci illərdə imzalanmış İsrail və ərəb dövlətləri arasında münasibətlərin normallaşmasına dair müqavilələr) sayəsində reallaşdı və bu, böyük nailiyyətdir”.
Səfir bildirib ki, bununla belə, fələstinlilərlə sülh çox sadə səbəbə görə əldə olunmur – onlar hələ də yəhudilərin İsrail torpağının yerli əhalisi olduğunu və yəhudi xalqının bir xalq olaraq öz torpaqlarında öz müqəddəratını təyin etməkdə bərabər hüquqa malik olduğunu qəbul etmirlər: “Söhbət Fələstin dövlətində yox, onun yanında öz müqəddəratını təyin etməkdən gedir. İordan çayının qərb sahilində Fələstin rəsmi şəxsləri İsrailin yəhudi xalqının vətəni olması bir yana, bir yəhudi xalqının mövcudluğunu belə tanımaqdan imtina edirlər. Onlar yəhudiləri əcnəbi və müstəmləkəçi kimi görürlər.
Bunun nəticəsi olaraq HƏMAS kimi terror qrupları inanırlar ki, israilliləri qətlə yetirməklə onlar digərlərini qorxudub torpaqdan çıxara biləcəklər”.
Dik qey edib ki, HƏMAS-ın məhvilə İsraili məhv etmək ehtimalı ilə bağlı istənilən illüziya aradan qalxacaq: “Bu hadisələrdə iştirak edən hər bir HƏMAS terrorçusu nə qədər vaxt aparmasından asılı olmayaraq, aşkar ediləcək və məsuliyyətə cəlb olunacaq”.
Səfir deyib ki, münaqişənin nizamlanması üç şərtlə başlayacaq: HƏMAS, “İslam cihadı” və bütün digər terrorçu qruplar təslim olmalı və ya məhv edilməlidir;
Fələstin rəhbərliyi yəhudilərin öz müqəddəratını təyinetmə müharibəsinə son qoymalı və İsraili yəhudilərin vətəni kimi tanımağı öhdəsinə götürməlidir;
Fələstin rəhbərliyi terrorçuları tərifləyən ritorikaya və onların təşviqinə son qoymalı, Fələstin cəmiyyətini sülh və tolerantlıq ruhunda tərbiyə etməlidir.
Azad dünya barbarlığa və tiranlığa qarşı vahid və qətiyyətli olmalıdır.
“İŞİD bu cür məğlub edildi və biz bu gün dünya üçün ən böyük təhlükə olan İranın dindar rejimi ilə bur cür davranmalıyıq. Onlar öz xalqını, qadınları, azlıqlarını, sekulyarları və digərləri əzirlər. Onlar getdikləri hər ölkəni məhv edirlər – Livan, Suriya, Yəmən, İraq. Onlar HƏMAS, Hizbullah və digərləri kimi terrorçu qrupları maliyyələşdirirlər.
“Müharibə bu gün də bitə bilər. Bunun baş verməsi üçün HƏMAS təslim olmalı, Qəzza zolağını tamamilə tərksilah etməli və bütün girovları azad etməlidir. Əgər bunu etməsələr, HƏMAS məhv edilənə qədər İsrail müharibəni davam etdirəcək. Bu, ərazi uğrunda müharibə deyil. Bu, bəşəriyyətin gələcəyi üçün müharibədir. Heç bir kompromis ola bilməz”, – səfir deyib.
Elmar
Gununsesi.info