İsrail və HƏMAS Qəzzada atəşkəs razılaşmasına yaxınlaşır

İsrail və HƏMAS Qəzzada iki ildən çox davam edən müharibəyə son qoymaq üçün atəşkəs razılaşması imzalamağa yaxınlaşır.

Razılaşmaya əsasən, HƏMAS 2023-cü ilin oktyabrında əsir götürülən girovları azad edəcək, İsrail isə qoşunlarını razılaşdırılmış xəttə geri çəkəcək.

ABŞ prezidenti Donald Tramp bildirib ki, danışıqlar 20 maddədən ibarət sülh planı üzrə başa çatıb və bütün girovların yaxın günlərdə evlərinə qayıdacağı gözlənilir. İlk mərhələdə HƏMAS 20 girovu təxminən 2000 fələstinli məhbusla dəyişdirəcək.

Qətər razılaşmanı “müharibənin sona çatması, girovların azad edilməsi və humanitar yardımların artırılması üçün ilk mərhələ” adlandırıb. HƏMAS-ın təqdim etdiyi siyahıda 250 ömürlük həbsdə olan və 1700 müharibə əsiri fələstinli yer alır.

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, girovlar “Allahın köməyi ilə” evlərinə gətiriləcək. Tramp yaxın günlərdə Yaxın Şərqə səfər etməyi planlaşdırır.

Müharibə nəticəsində Qəzzada 67 minə yaxın insan həyatını itirib, onların yarısı qadın və uşaqlardır.

 

 

Şəbnəm

Gununsesi.info