
Qətər və İsrail rəsmiləri arasında aparılan danışıqlar nəticəsində Qəzza zolağında HƏMAS-ın saxladığı məhbuslara dərman tədarükü ilə bağlı razılıq əldə olunub.
Gununsesi.info bildirir ki, İsrail Nazirlər Kabinetinin mətbuat idarəsindən verilən açıqlamada Qətər və İsrail Xarici Kəşfiyyat Təşkilatı Mossad səlahiyyətliləri arasında keçirilən görüşlər barədə məlumat verilib.
Danışıqlar nəticəsində Qətər və İsrail rəsmilərinin İsrailin oktyabrın 7-dən etibarən Qəzzada saxlanılan məhbuslara dərman göndərəcəyinə dair razılığa gəldiyi bildirilib.
Qeyd olunub ki, oktyabrın 7-dən bəri ilk dəfə olaraq israilli məhbuslara dərman veriləcək.
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadaları 7 oktyabr 2023-cü ildə “Fələstinlilərə və müqəddəs dəyərlərə, xüsusilə də Əl-Əqsa məscidinə qarşı davamlı pozuntulara cavab vermək” üçün İsrailə qarşı hərtərəfli hücuma keçib və çox sayda israilli əsir götürülüb.
Qətər və Misirin vasitəçiliyi ilə noyabrın sonunda Qəzzada qarşıdurma 7 gün müddətinə dayandırılıb, 81 israilli və 240 fələstinli məhbus qarşılıqlı azadlığa buraxılıb.
HƏMAS-ın daha 130-dan çox israilli məhbusu saxladığı təxmin edilir.
Gununsesi.info