İsrail vergi gəlirlərinin Qəzzaya köçürülməsini qadağan etdi

  • By admin
  • 22 Yanvar 2024 08:32

İsrail Nazirlər Kabineti mühasirədə olan Qəzzanın payı istisna olmaqla, vergi gəlirlərinin Fələstin Administrasiyasına köçürülməsini təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, İsrailin “Yedioth Ahronoth” qəzetinin yazdığına görə, “Təl-Əvivdəki Kiriya hərbi bazasında toplanan siyasi təhlükəsizlik kabineti vergi vəsaitlərinin Fələstin Administrasiyasına və Qəzzaya ayrılan vəsaitlərin Norveçə köçürülməsi planını təsdiqləyib”.

ABŞ-ın tələbi ilə Nazirlər Kabineti tərəfindən qəbul edilən təklifdə vergi vəsaitlərinin Fələstin Muxtariyyətinə köçürülməsi, həmçinin Qəzza zolağına ayrılan aylıq 275 milyon şekel (73,31 milyon dollar) vəsaitin tutularaq Norveçdəki bank hesablarına köçürülməsi nəzərdə tutulur.

Təsdiq edilmiş qətnaməyə əsasən, Norveçin Qəzzaya vəsait köçürməsi qadağan ediləcək və “İsrail razılaşma pozulacağı təqdirdə Fələstin Administrasiyasına pul köçürməsini dayandırmaq hüququna malik olacaq”.

Təklifə etiraz edən yeganə kabinet üzvü İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir olub.

İsrail “Fələstin Administrasiyası adından” Fələstin idxalına görə gömrük rüsumları toplayır və Fələstinə ayda orta hesabla 190 milyon dollar ödəyir. Bu vergilər Fələstin iqtisadiyyatı üçün mühüm gəlirlər təmin edir.

İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç İsrailin Qəzzaya hücumlarından sonra vergi gəlirlərini Fələstin Muxtariyyətinə təhvil verməkdən imtina edib.

Buna cavab olaraq, noyabrda Fələstin Administrasiyası İsrail ödənişini (təxminən 162 milyon dollar) qəbul etməkdən imtina edib.

Nəticədə Fələstin Administrasiyası dövlət qulluqçularının maaşlarının ödənilməsini son iki ayda gecikdirib və maaşların bir hissəsini ödəmək üçün yerli banklardan borc götürüb.

İsrailin “Walla” xəbər saytı dekabrın 29-da bildirib ki, “ABŞ administrasiyası son həftələr Fələstinin tutduğu vergi gəlirlərini sərbəst buraxması üçün İsrail hökumətinə təzyiq edir”.

Gununsesi.info