İsrail bütün dünyada çalışan diplomatlarına təhlükəsizlik rəsmilərindən xüsusi icazə almadıqca evlərini tərk etməməyi tapşırıb.
Gununsesi.info xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi xarici ölkələrdə xidmət edən diplomatlarını diqqətli olmağa çağırıb.
Dünən HƏMAS-ın Qəzza zolağından İsrailə qarşı başlatdığı hücumla əlaqədar Nazirlik “dünyadakı bütün diplomatik missiyaları yüksək hazırlıq vəziyyətinə salıb”.
Bu kontekstdə diplomatlara “təhlükəsizlik rəsmilərindən xüsusi icazə almadıqca evlərini tərk etməmək” göstərişi verilib.
Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadaları dünən səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.
Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
İsrail ordusu da onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib.
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzzaya hücumları nəticəsində 313 nəfərin həyatını itirdiyini, 1990 nəfərin isə yaralandığını açıqlayıb.
İşğal altındakı İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində İsrail əsgərlərinin açdığı atəş nəticəsində 7 fələstinli həyatını itirib.
İsrail mətbuatında HƏMAS-ın silahlı qanadının başlatdığı hücumlarda indiyədək 350 israillinin öldüyü, ölkə daxilində yaralananların sayının isə 1864-ə yüksəldiyi açıqlanıb.
Səid Əhmədli
Gununsesi.info